Lənkəran“İstək” Liseyinin VI sinif şagirdləri “Yaşıl çay” MMC-də olublar

14 Aprel 2018 12:06 (UTC+04:00)

Aprelin 13-də Lənkəran“İstək” Liseyinin VI sinif şagirdləri sinif rəhbəri Alcan Hacıyev və Azərbaycan dili müəllimi Elvin Mirabbaszadə ilə birlikdə rayonun İstisu qəsəbəsində fəaliyyət göstərən “Yaşıl çay” fermer təsərrüfatına ekskursiya ediblər. Müəllim və şagirdləri qarşılayan təsərrüfatın rəhbəri Araz Yağubov onları çay plantasiyaları ilə, bu il təsərrüfatda ilk dəfə barama yetişdiriləcək müasir kümxana ilə tanış edib, məktəblilərə təsərrüfatın fəaliyyəti barədə ətraflı məlumat verib. Şagirdlər çay plantasiyasına və kümxanaya maraqla tamaşa ediblər. Onlar çay yığımı və barama yetişdirilmə prosesini əyani şəkildə görmək istədiklərini dilə gətiriblər. Araz Yağubov şagirdləri maraqlandıran sualları cavablandırıb, gələcəkdə də məktəblilərə təsərrüfatın fəaliyyətini əyani surətdə izləmək üçün lazımi şərait yaradacağını söyləyib.

Sonda müəllim və şagirdlərə “Yaşıl çay” FT MMC-nin istehsalı olan çaylardan nümunələr və “Yaşıl çay” jurnalı hədiyyə edilib və xatirə şəkili çəkilib.

Sərraf Talıbov