“Tristessa” müasir musiqi gecəsinin keçirilməsi nəzərdə tutulub

14 Aprel 2018 14:14 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin “Qara Qarayevin 100 illik yubileyi haqqında” 17 oktyabr 2017-ci il tarixli, 3299 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin 7 dekabr 2017-ci il tarixli, 287 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər planına əsasən 14 aprel 2018-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayevin 100 illiyinə həsr olunmuş festival çərçivəsində “Tristessa” müasir musiqi gecəsinin keçirilməsi nəzərdə tutulub.

SİA-nın məlumatına görə, gecədə Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Əməkdar artist Fəridə Məmmədova çıxış edəcəklər. Konsertdə görkəmli Avstriya bəstəkarı Alban Berqin soprano və orkestr üçün “Lulu” süitası və Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevin orkestr üçün “Tristessa I” (“Vida”) simfoniyası səslənəcəkdir.

Fərəc Qarayev Azərbaycan Dövlət Konservatoriyasını 1966-cı ildə professor Q.Qarayevin sinfi üzrə bitirib. 1994-1996-cı illərdə Moskvada Müasir Musiqi Assosiasiyasının vitse-prezidenti olub. 1980-1994-cu illərdə BaKaRa-ensemble kollektivinin bədii rəhbəri funksiyasını həyata keçirmişdir. 1999-cu ildən Moskva Konservatoriyasının nəzəriyyə kafedrasının professorudur.

Fərəc Qarayevin orkestr üçün “Tristessa I” (“Vida”) simfoniyası 1982-ci ildə yazılıb. Əsər dahi Azərbaycan bəstəkarı Qara Qarayevə həsr edilmiş və partiturasında Atama.Müəllimimə.Dostuma ithaf” yazılıb. Simfoniyada sitat kimi Qara Qarayevin bir neçə fortepiano prelüdündən istifadə edilib. Əsərin sonunda musiqiçilər səhnəni tədricən tərk edirlər, bu da İ.Haydının məşhur “Vida” simfoniyasına bir növ allüziyadır. Əsər ilk dəfə 1983-cü ildə dirijor Rauf Abdullayevin idarəsi altında səslənmiş və böyük əks-səda doğurub.

Alban Berq (1885-1935) görkəmli Avstriya bəstəkarı, pedaqoqu, alman ekspressionizmi və Yeni Vyana Məktəbinin nümayəndələrindən biridir. O, A.Şönberqin tələbəsi və onun yaradıcılığının fəal təbliğatçısı olub. İlk əsərləri dodekafon texnikasında yazılıb. Bəstəkarın yaradıcılığı XX əsr bəstəkarları D.Şostakoviç, Q.Qarayev, E.Denisov, A.Şnitke və başqalarına böyük təsir göstərib.

Alban Berqin beş hissədən ibarət soprano və orkestr üçün “Lulu” süitası 1934-cü ildə bəstəkarın eyni adlı operasından konsert ifası versiyası şəklində işlənib. Əsər 13 sentyabr 1934-cü ildə bəstəkarın müəllimi və dostu A. Şönberqin 60 illiyinə həsr edilib.