Azərbaycanın Çindəki səfirliyində seçkilər demokratik şəraitdə keçib XİN

11 Aprel 2018 17:53 (UTC+04:00)

Saat fərqinə uyğun olaraq, Azərbaycanın Çindəki səfirliyində yaradılmış seçki məntəqəsindəki səsvermə başa çatıb. Seçkilər səfirliyimizdə qeydiyyatda olan vətəndaşların yüksək seçici fəallığı ilə azad və demokratik şəraitdə keçib.

Bunu SİA-ya XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib

H.Hacıyev qeyd edib ki, yerli saata uyğun olaraq Vaşinqtondakı səfirliyimizdə seçki məntəqəsi bir saatdan artıq vaxtdır ki açılıb: "Təqribən saat yarımdan sonra Los-Ancelsdəki Baş Konsulluğumuzda seçki məntəqəsi açılacaq. Ümumiyyətlə, ən son bağlanan seçki məntəqəsi Los-Ancelsdəki Baş Konsulluğumuz olacaq.

Diplomatik nümayəndəliklərimizdəki səsvermələrdə də yüksək seçici fəallığı müşahidə olunub.

Diplomatik nümayəndəliklərimizdə yaradılmış seçki məntəqələrindəki səsvermələrin nəticələri 17-ci və 16-cı Yasamal seçki dairələrinə bildirilir"

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib. .