“Sonuncu Dalan”ın təqdimat mərasimi keçirilib

5 Aprel 2018 17:59 (UTC+04:00)

“Sonuncu Dalan” kompyuter oyununun təqdimat mərasimi keçirildi. Layihənin məqsədi kompüter oyunları vasitəsilə gənclərin Azərbaycan tarix və mədəniyyəti ilə daha yaxından tanış olması, yeni məlumat və biliklərin əldə edilməsi, gənclərin kompyuter texnologiyası sahəsində təşəbbüskarlığının dəstəklənməsidir.

SİA-nın məlumatına görə, oyun Bakıda, əsasən də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində cərəyan edir. Oyunun baş qəhrəmanı olan alim qədim zərdüştlərin müqəddəs kitabı olan Avestada yazılanlara istinadən bir missiyası olduğunu anlayır. Bu məqsədlə o, simvolları çözməli, İçərişəhər küçələrində gizlədilmiş artefaktları tapmalıdır. Bu yolda o, obrazları qədim əfsanə və əsatirlərdən, habelə Azərbaycan mifologiyasından və nağıllarından qaynaqlanan şər qüvvələrlə mübarizə aparmalıdır. Qız qalası, Şirvanşahlar sarayı, Karvansaray, məscidlər, habelə Xəzər dənizi sularına qərq olmuş Səbail qalasında cərəyan edən oyunda soyuq silahla yanaşı, müasir odlu silahlar və qədim dövrə aid olan silahlar baş qəhrəmanın ixtiyarında olacaq.

“Sonuncu Dalan” oyununun hazırlanması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq yarımbəndini (Azərbaycanın tarix və mədəniyyətini əks etdirən gənclərin inkişafına təsir göstərən kompüter oyunları və mobil tətbiqi proqramların hazırlanması) rəhbər tutaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “AzDimension” gənclərdən ibarət təşəbbüs qrupu tərəfindən həyata keçirilmişdir.