Susanlara susmamaq tövsiyəsi

26 Mart 2018 14:53 (UTC+04:00)

Bu millət Azərbaycanın azad və müstəqil yaşaması üçün əsrlər boyu mübarizə aparıb. Təbiətinin gözəlliyi, yeraltı və yerüstü sərvətlərinin zənginliyi, coğrafi baxımdan Avropa ilə Asiya qitələrinin qovuşağında yerləşməsi, bu mənada, Şərqlə Qərb arasında körpü rolu oynaması və digər amillər tarix boyu çox yadellilərin diqqətini cəlb etmiş, bu məmləkəti zəbt etməyə, xalqı köləyə çevirməyə sövq etmiş, zaman-zaman istəklərini gerçəkləşdirsələr də, əsarətə boyun əyməyən xalq özündə güc taparaq, əyilməz millət olduğunu sübut etmiş və sonda azadlığına qovuşmuşdur.

Təkcə 20-ci əsrdə güneyli-quzeyli Azərbaycanda dörd dəfə istiqlal mübarizəsinə qalxmış xalqımız bolşeviklərlə, onların əlaltıları olan daşnaklarla və fars-pəhləvi rejimi ilə ölüm-dirim savaşlarında yüz minlərlə şəhid vermiş, ancaq geri çəkilməmiş və dünyaya azad yaşamağa qadir olduğunu sübut etmişdir. Hər dəfə də, əldə olunan istiqlaliyyət bəzi obyektiv və subyektiv səbəblərdən yenidən əlimizdən alınmış və yenidən boyunduruq altında yaşamaq məcburiyyətində qalmışıq. Tarixin bu ədalətsiz qismətini dəyişməyə elə qüdrətli şəxsiyyət lazım idi ki, pafoslu nitqlərlə, sadə kütlənin qəlbinə ünvanlanmış obrazlı çıxışlarla deyil, məhz əməli fəaliyyətlə tökülən qanlar bahasına əldə olunan müstəqilliyi qoruyub- saxlaya bilsin.1991-ci ildə əldə etdiyimiz istiqlaliyyət də, əvvəllər olduğu kimi, heç iki il ötməmiş, yenidən təhlükə ilə üz-üzə qalmışdı. Nəhayət, bu dəfə tanrı mullətimizə gerçək xilaskar yetirdi və məhz onun sayəsində şəhidlərin qanı bahasına əldə olunan azdlığımız qorunub-saxlandı. Həm də təkcə müstəqilliyimiz qorunmadı, az zaman içərisində dünyada sayılıb-seçilən dövlətlər sırasında dura bildik. Bu şəxsiyyət Azərbaycan xalqının Ümummilli Lider kimi qəbul etdiyi BÖYÜK AZƏRBAYCANLI HEYDƏR ƏLİYEVDİR!

Hər kəsə məlum olan keşməkeşli istiqlal savaşı tariximizi qısaca xatırlatmaqda məqsədim hamının bildiyi həqiqətləri təkrarlayaraq, kimin və ya kimlərinsə xoşuna gəlmək deyil.Sadəcə, yaxın keçmişimizin tarixi həqiqətlərini unudanlara, bir daha xatırlatmaq istəyirəm ki, bu gün biz ona görə varıq, ona görə müstəqilik, ona görə regionun ən nüfuzlu və ən güclü dövlətiyik ki, xalqın Ulu Öndər Heydər Əliyevi vardı və zamanında millətinin çağırışına biganə qalmayıb, tarixin Ona bəxş etdiyi ağır missiyanın yükünü çiyinlərinə aldı. Bu gün ölkəmizdə mövcud olan bir sıra problemlərlə yanaşı, əsrlərə bərabər inkişafa nail olan dövlətçilik siyasətinin banisi olan bu qüdrətli siyasi xadimi millət əbədi olaraq uca tutacaq və bu sevgini, bu istəyi heç kəs bu xalqın qəlbindən silə bilməyəcək. Təəssüflər olsun ki, dünyada yaşayan 50 milyonluq xalqın yeganə dövləti olan Azərbaycan Respublikasını quran, dördtərəfli hücumlara təkbaşına, müdrikliklə sinə gərən, tarixin bu millətə zamanında bəxş etdiyi bu əvəzolunmaz düha haqqında da, özlərini millət fədakeşləri kimi təqdim etməyə çalışan, xaricdə yaşayan, erməni lobbisinin və digər antiazərbaycan qüvvələrin əlində oyuncağa çevrilən bəzi zatıbilinməzlər şər-böhtan və iftira dolu ittihamlar səsləndirirlər. Mən istiqlal və demokratiya uğrunda savaşlarda saç ağartmış bir insanam və istər ölkə daxilindən, istərsə də ölkədən uzaqlardan hakimiyyətlə bağlı tənqidi fikirlərin səslənməsini təbii qəbul edir, hətta obyektiv və konkret fakta söykənə tənqidləri alqışla qarşılayıram. Çünki tənqid və inkifın əsas elementlərindən biri və başlıcasıdır.

Ancaq tənqidin təhqirə, şər-böhtan və iftiraya gətirib çıxarmasını qəti şəkildə pisləyirəm. O ki, ola Ulu Öndər Heydər Əliyev kimi milli qürur mənbəyimiz haqqında! Tarixin millətimizə bəxş etdiyi dühalar haqqında ağzından süd iyi gələn, düşmən pulunun girovuna çevrilən insanabənzərlərin öz xalqına ermənidən də çox zərər vuran belə əməllərini nə vaxta qədər görməzdən gələcəyik? Nə isə... Sözüm həmin zatıbilinməzlərə deyil. Onsuz da, onların cavabı vaxtaşırı elə sosial şəbəkə vasitəsilə verilir. Amma məni düşündürən bütün bu həqiqətləri yaxşı anlayan, Qərbin bəzi dairələri tərəfindən idarə olunan hücumları sakitliklə seyr edən bəzi-bəzi özünü millət fədaisi və ziyalı hesab edənlərin indiki mövqeyidir. Açıq-aşkar Azərbaycana, azərbaycançılığa və milli dövlətçiliyə təhdid olan bu hücumları nə qədər seyr etməliyik? Hesab edirəm ki, susub da gözləmə mövqeyi tutmaq, bu gün nə ziyalı adına, nə vətənpərvər adına, nə də azərbaycanlı adına yaraşmır...

Təhmasib Novruzov