Konkur üzrə “Polad kuboku”nun ilk qalibləri müəyyənləşib

24 Mart 2018 12:14 (UTC+04:00)

Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə “Polad kuboku” turnirinin ilk mərhələsi keçirilib. SİA-nın məlumatına görə, turnirin ilk günündə idmançılar “E” (80-85 sm) və “M*” (120-125 sm) kateqoriyaları üzrə mübarizə aparıblar.

“E” kateqoriyası üzrə yarışda birinci yerə “Wasab 1” ləqəbli atla “Sərhədçi” klubunun idmançısı Dünyamalı Qurbanbəyov layiq görülüb. İkinci yeri “Emily Du Barbour” ləqəbli atla “Omar” klubunun idmançısı Nurlan Rüstəmov tutub. Bürünc medala isə “Atçılıq” məktəbinin idmançısı Ramil İbrahimov “Light Limerick” ləqəbli atla sahib olub.

“M*” kateqoriyası üzrə yarışda ilk pilləyə isə “Francessco” ləqəbli atla “Omar” klubunun idmançısı Ələkbər Məmmədov yüksəlib. İkinci yeri “Cissy” ləqəbli atla “Sərhədçi” klubunun idmançısı Seyid Musayev, üçüncü yeri isə “Xəzər” ləqəbli atla “Gilan” klubunun idmançısı Rahib İsmayılov tutublar.

Yarışın ümumi mükafat fondu 5 min manat təşkil edir.