Ermənistan rəsmi Bakının diplomatik fəallığından narahatdır

21 Mart 2018 13:23 (UTC+04:00)

Azərbaycanın uğurları, iqtisadi inkişafı, beynəlxalq miqyasda uğurlu strategiyası Ermənistan ictimaiyyətində narahatlıq doğurmaya bilməz. Ermənilər illərlə, hətta onilliklərlə beynəlxalq müstəvidə apardıqları antitəbliğat və Azərbaycan əleyhinə fəaliyyətin nəticədə ölkəmizin nüfuzuna xələl gətirə bilməməsindən, dövlətimizin imicinin gündən-günə artmasından bərk narahatdırlar. Təbii ki, mənfur qonşularımız ölkəmizin uğurlarına sevinmir və bu uğurlara imza atan Azərbaycan hakimiyyətinin nailiyyətlərindən çox qıcıqlanırlar.

Erməni mətbuat səhifələrində işğalçıların narahatlığı açıq şəkildə ifadə olunur ki, bu narahatlığın özü də başa düşüləndir. Yəni, təxminən bir əsrdən çox vaxt ərzində Azərbaycan əleyhinə fəaliyyət göstərən, düşmən mövqe sərgiləyən bir toplum üçün Azərbaycanın beynəlxalq müstəvidə qazandığı uğurlar, nəticədə artan imici, söz sahibi olması, digər nüfuzlu dünya dövlətlərilə mehriban dosluq və işgüzar münasibətləri ən böyük zərbə hesab oluna bilər ki, bu zərbənin təsiri erməni mətbuatında öz əksini tapır. Daha dəqiq desək, Ermənistanın "Jamanak" qəzetində dərc olun "Qafqaz oyunu mürəkkəbləşir" adlı məqalədə ermənilərin narahatlığını, təşvişini hiss etməmək mümkün deyil. Sözügedən məqalədə erməni tərəfinin Bakıda ağıllarına belə sığışmayan diplomatik fəallığın müşahidə olunmasından narahatlığı ifadə olunur.

Prezident İlham Əliyevin martın 15-də Türkiyənin Baş naziri Binəli Yıldırımın müşayiəti ilə onlarla ölkənin indiki və sabiq yüksək vəzifəli şəxslərinin də qatıldığı 6-cı Bakı Qlobal Forumunda iştirakı, forumda Qarabağ məsələsi ilə bağlı çıxışı və bunun erməni qəzetində doğurduğu narahatlıq hiss olunmaqdadır. Qəzetdə bu forumun nəticələrinin Ermənistan üçün təhlükələrindən geniş şəkildə bəhs olunur. Azərbaycan, Türkiyə, Gürcüstan və İranın xarici işlər nazirlərinin dördtərəfli formatda ilk görüşündən sonra qəbul edilən bəyannamədə tərəflərin bir-birinin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının, regional münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə həllinin qeyd edilməsinin ən narahatedici məqam olduğu inkar edilə bilməz. Bəyannamədə Qarabağ məsələsinə birbaşa toxunulmasa da, rəsmi Bakının bu məqamdan istifadə edəcəyi, Ermənistanla dostluq edən İran və Gürcüstanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyəcəyindən ermənilər daha çox narahatdırlar. Əslində, onların bu narahatlıqlarına yetərincə əsas var və Ermənistanı bütün regional iqtisadi layihələrdən təcrid etmiş Azərbaycanın ümumi paketə Qarabağ məsələsini də özünə sərfəli formada daxil edəcəyindən haqlı olaraq qorxurlar.

Azərbaycan Ermənistanın regional təcrid olunmasını daha da gücləndirə bilib

Yüklərin İran, Azərbaycan, Gürcüstan və Ukrayna üzərindən Avropaya cəmi bir həftəyə nəqlini nəzərdə tutan 5 min km uzunluğundakı "Cənub-Qərb Nəqliyyat Dəhlizi"nin perspektivləri Ermənistan üçün arzuolunmazdır. Bu "Cənub-Qərb Nəqliyyat Dəhlizi"nin perspektivləri müzakirə edilən zaman İranın bu yeni formata, ələlxüsus, Təbrizə qədər uzanacaq Bakı-Tiflis-Qars dəmir yoluna tez inteqrasiya olunmaq istəyi erməniləri çaş-baş salıb. Azərbaycanın 2 böyük məqsədinə nail olması qənaətində olan işğalçı rejim üçün bundan böyük zərbə olmazdı. Onlar yaxşı başa düşürlər ki, Azərbaycan bu forumda, əvvəla, Qarabağ məsələsində öz mövqeyini digər dövlətlərin konsensus mövqeyi kimi təqdim edə bilibsə, digər tərəfdən də, Ermənistanın regional təcridolunmasını daha da gücləndirə bilib.

Azərbaycanın Türkiyə və Gürcüstanla hərbi əməkdaşlığının güclənməsindən, Rusiya və İsrail ilə hərbi-siyasi və hərbi-texniki əməkdaşlığın dərinləşdirməsindən narahat olmağa başlayan Ermənistan hakimiyyətinin bu sıraya İranın da qoşulmasından sonra ciddi təşviş keçirməsini başa düşmək çətin deyil. Bir müddət əvvəl İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Əmir Hatəminin Azərbaycanda hərbi və hərbi-texniki əməkdaşlığa dair müzakirələr aparması ermənilərin yuxularını ərşə çəkmişdisə, xarici işlər naziri Cavad Zərifinin dördtərəfli formatda iştirakı, artıq işğalçıların kürkünə birə də saldı. Bu baxımdan Ermənistan ictimaiyyətinin narahatlığı pik həddə çatıb və erməni mətbuat səhifələrində bu narahatlıq özünü təsdiq edir.

Bakı Qlobal Forumu Azərbaycanın qüdrətini təsdiq etdi və ermənilər ölkəmizin tükənməz potensialının bir daha şahidi oldular

İşğalçılıq siyasəti, terrorçuluq əməlləri, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olmayan siyasəti ilə Ermənistan qonşu dövlətlərlə münasibətlərini arzu etmədiyi bir müstəviyə daşıdığının fərqindədir. Arzu etmədiyi bu müstəvidə marginallaşdığını çox yaxşı başa düşən Sarkisyan rejimi regionda təcrid olunduğunu da həzm edə bilmir. Ələlxüsus, müəllifi Azərbaycan olan qlobal və regional layihələrdən kənarda qalmasından qıcıqlanan ermənilər meydanda tək qaldıqlarını, Azərbaycanın hər bir sahədə dəfələrlə üstün olduğunu qəbul edə bilmirlər. Beynəlxalq hüquqa, norma və prinsiplərə, beynəlxalq təşkilatların qərar və qətnamələrinə, münaqişənin danışıqlar yolu ilə həllinə olan tələblərinə, çağırışlarına hörmətlə yanaşan Azərbaycanın bu norma və prinsiplərə etinasızlıq etdiyi təqdirdə, Ermənitan tərəfindən işğal və zəbt edilmiş torpaqlarını hərbi yolla geri qaytarmaq əzmində olduğunun hər dəfə şahidi olan işğalçıların təşvişi günü-gündən artmaqdadır. Məhz bu baxımdan, Ermənistan ictimaiyətini qorxuya salan 6-cı Bakı Qlobal Forumunun əhəmiyyəti həm də ondan ibarət oldu ki, ermənilər Azərbaycanın qüdrətinin, hər bir sahədə uğurunun, tükənməz potensialının bir daha şahidi oldular.

Azərbaycanın işğalçı Ermənistanı təcridetmə siyasətinin uğurlu nəticələri göz qabağındadır və Sarkisyan rejiminin də bunu etiraf etməkdən başqa çarəsi yoxdur. Məhz erməni mətbuatında duyulan narahatlıqlar da bu etirafın real təzahürüdür. Bu reallıqlar isə, öz növbəsində, təsdiq edir ki, Azərbaycan doğru yoldadır və düzgün strateji siyasət yürüdür. Erməni lobbisinin və diasporunun, eləcə də, onların havadarlarının bütün əngəllərinə, yalan və fırıldaqlarına baxmayaraq, işğalçılar Azərbaycan kimi qüdrətli bir dövlətin potensialı ilə qarşı-qarşıya olduqlarının fərqindədirlər və bu səbəbdən, qorxuya düşüblər. Ermənistan ictimaiyyəti və Sarkisyanın işğalçı hakimiyyəti Ermənistanın Azərbaycan tərəfindən hərtərəfli olaraq küncə sıxışdırıldığının və çıxılmaz vəziyyətə salındığının fərqindədir. İşğalçılar çox yaxşı başa düşürlər ki, hər bir sahədə üstün olan Azərbaycan istənilən vaxt Ermənistanı dilemma qarşısında qoya, lazım gəldikdə, işğal altında olan torpaqlarını

güc yolu ilə də geri qaytara bilər. Azərbaycanın strateji inkişafından narahatlıq keçirən ermənilərin ölkəmizin öz torpaqlarına sahib çıxmaq əzmində olmasından ehtiyatlanmaları, təşvişi onların zəifliyindən xəbər verir və bu təlaşla məğubiyyətdən yaxa qurtarmaq mümkünsüzdür.

İnam İMRANOĞLU