Əli Həsənov BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

17 Mart 2018 13:25 (UTC+04:00)

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sesseranı qəbul edib.

Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, görüşdə baş nazirin müavini münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün BQXK tərəfindən həyata keçirilmiş humanitar proqramları yüksək qiymətləndirib.

Ə. Həsənov bildirib ki, bu gün Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atır.

E. A. Sessera cəbhə xəttinə yaxın ərazilərdə yerləşən kəndlərdə təşkilat tərəfindən həyata keçirilən layihələr barədə geniş məlumat verib.

Nümayəndəliyin rəhbəri Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək qiymətləndirib.