“Sülh platforması” sadə ermənilərdə inam yarada bilir” MÖVQE

17 Mart 2018 10:11 (UTC+04:00)

“Sülh platforması” sadə ermənilərdə inam yarada bilir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, “Sülh platforması” çərçivəsində kifayət qədər diqqət çəkən proseslər baş verir: “Vaxtilə Bakıda yaşamış iki erməni qadın mart ayında Bakıya gəldilər. Bundan bir az öncə Gəncədə yaşamış erməni gələrək, Gəncəni ziyarət etdi. Bakıya gələn erməni xanımlardan birisi hətta Dağlıq Qarabağa getməsinə Ermənistanın qadağa qoyacağını bildiyi halda Bakıya gəlmişdi. Bu qadağa mövzusu həqiqətdir. Avropanın demokratiya sənədi verdiyi “avrostandart” Ermənistan sərbəst yerdəyişmə azadlığı hüququ ilə öz bildiyi kimi rəftar edir.

Vladiqafqazda Dağlıq Qarabağ ermənilərinin dəvəti ilə bir neçə Dağlıq Qarabağ azərbaycanlısı ilə keçirilmiş görüşlər barədə məlumatımız var. Eləcə də əlavə bir neçə müraciətlərin olmasından da məlumatlıyıq.

Yaxın tarixə ekskursiya etsək paralel aparmaq üçün arqumentləri görə bilərik.

SSRİ-də perestroyka başladığı anda ermənilər bir-bir, iki-iki Moskvaya gedərdilər. Sonradan çox imzalı müraciətlər göndərildi. Bir az keçmiş bu hadisələr kütləviləşdi. Ermənistan SSR-dən azərbaycanlılar qovuldu. O zaman yayılan söhbətlərə görə azərbaycanlıları Ermənistan SSR-dən deportasiyasını sovet KQB-si təşkil edib. Sonuncu 240 minlik azərbaycanlı əhali 1987-ci ilin dekabrın 25-də Ermənistan SSR-nin ərazisini tərk etdi. Ermənistandan gələn azərbaycanlılar Bakı və Sumqayıt şəhərlərində və onlara yaxın ərazilərdə yerləşdirildi. Bunun dalınca Dağlıq Qarabağda və Yerevanda mitinqlər başladı. Dağlıq Qarabağ Azərbaycan SSR-nin tərkibindən çıxıb, Ermənistan SSR-nin tərkibinə birləşməklə bağlı qərar qəbul etdi. Fevralın 22-də Dağlıq Qarabağ erməniləri Dağlıq Qarabağ ərazisində iki azərbaycanlı gənci öldürməklə ilk qanı tökdülər. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyasını təşkil edən sovet KQB-si ermənilərin Azərbaycandan çıxarılmasını təşkil etmək üçün Sumqayıt hadisələrini törətdi. Həm Ermənistan SSR, həm Azərbaycan SSR ərazisində belə məsələlərdə əsas alət ermənilər idi.

Göründüyü kimi bir-iki nəfərlə başlayan proses sonda belə qırğına çevrildi. Ona görə indi 1-2 və ya 3-5 erməninin Azərbaycana gəlməsinə əhəmiyyətsiz proses kimi yanaşmaq düzgün deyil. “Sülh platforması” perestroykanın effektini yaradır. Amma tərs istiqamətdə. Dağlıq Qarabağ münaqişəsini yaradan ermənilərin indi fəaliyyəti bu münaqişənin başa çatması istiqamətinə çevrilib”.