Mərkəz sədri: “Vasitəçilik təşəbbüsü Gürcüstanı şantajlardan qoruya bilər” ŞƏRH

17 Mart 2018 09:19 (UTC+04:00)

"Qarabağ tənzimlənməsində vasitəçilik təşəbbüsü Gürcüstanı Ermənistanın şantajlarından qoruya bilər". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, rəsmi Yerevan Gürcüstanın baş naziri Q.Kvirikaşvilinin Ermənistana səfəri barədə qeyri-standart rezüme yaydı: "Səfər başa çatdıqdan bir neçə gün sonra "Haykakan Jamanak" qəzeti "Gürcüstan əlverişli və etibarlı namizəddir" adlı məqalə nəşr etdi. "Haykakan Jamanak" rəsmi Yerevanın əlində insayder məlumatları və şərhləri dövriyyəyə buraxmaq üçün istifadə olunan 3 KİV-dən biridir. Başqa sözlə, Gürcüstanla bağlı saytda yerləşdirilmiş məqalə rəsmi Yerevanın mövqeyidir. Məqalənin məzmunu kifayət qədər diqqət çəkir. Başa düşülür ki, Kvirikaşvilinin səfərindən sonra Ermənistan-Gürcüstan əlaqələri yenidən müzakirə olunub. Erməni tərəfi Gürcüstandan narazı olduğu üçün ona təsir və ya təzyiq vasitələrini götür-qoy edib. Amma təkcə xatırlatma ilə kifayətlənib; Gürcüstan-Ermənistan münasibətlərinin pisləşməsi Ermənistanın tam izolyasiyasına və Gürcüstanın Cavaxetiya regionunda yeni separatizmə gətirib çıxara bilər. Rəsmi Yerevan Q.Kvirikaşvilinin səfərinə narazılığını Cavaxetiya regionunda yeni separatizm yaratmaq niyyəti ilə bildirdi. Amma Ermənistan izolyasiyaya düşə bilər deyə, hələ ki, yeni separatizm dalğasını yaratmır. Ermənistan yeni kommunikasiya imkanı yaradan kimi Cavaxetiyada erməni separatizmini alovlandıracaq. Xüsusi olaraq deyək ki, Ermənistan Gürcüstanın daxilindəki erməni separatizmini alovlandırmaq hədəsindən daim istifadə edir.

Q.Kvirikaşvilinin Ermənistana səfəri zamanı Yerevanı qane etməyənlər:

I. Gürcüstan-Ermənistan-İran nəqliyyat koridoru müzakirə edilmədi.

II. İranla Gürcüstan arasında Ermənistanın vasitəsilə qaz tranziti məsələsinə toxunulmadı.

III. "Mehri" AİZ-də Gürcüstanın iştirakı mövzusu tam unuduldu. Ermənistanın baş naziri K.Karapetyan hətta Afrika ölkələrinin üçüncü dərəcəli təmsilçiləri ilə "Mehri" AİZ-i müzakirə etdiyi halda Kvirikaşvilinin yanında "Mehri" AİZ-in adını da çəkə bilmədi.

IV. Q.Kvirikaşvili Ermənistanı Gürcüstanın reallaşdırdığı çoxtərəfli layihələrdə iştiraka dəvət etdi. Başqa sözlə, Gürcüstan Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Avropa dövlətləri, İsrail və s. birlikdə iqtisadi layihələr reallaşdırır. Ermənistan Gürcüstan ərazisindəki Azərbaycan və Türkiyənin iştirak etmədiyi layihələrə qoşula bilər.

V. Q.Kvirikaşvili iki ölkənin gəncləri arasında strateji münasibətlərin qurulmasını aktuallaşdırdı.

Bu rəsmi Yerevanın arzuladığı və ya gözlədiyi gündəlik deyildi. Ona görə Cavaxetiyadakı separatizmlə Gürcüstanı cəzalandırmaq istədi və sonradan yadına özünün tam blokadası düşdü və fikrindən geri çəkildi.

Yaranmış vəziyyətə Gürcüstan düzgün qiymət verməyi bacarmalıdır. İndiki halda ən yaxşı çıxış yolu rəsmi Tbilisinin Dağlıq Qarabağ tənzimlənməsində vasitəçilik təşəbbüsü irəli sürməsidir. Gürcüstan ərazi bütövlüyü prinsipini dəstəkləməkdən geri çəkildikcə Ermənistanın Gürcüstana qarşı azğınlığı artır. Dağlıq Qarabağ tənzimlənməsində ən aktiv iştirak imkanlarından biri Gürcüstana məxsusdur:

I. Öz ərazisində öz vətəndaşları olan ermənilərlə və azərbaycanlıların birgə yaşayışına dair tədbirlər təşkil etməklə ermənilərlə azərbaycanlılar arasında keçilməz səddin olmadığını bütün dünyaya nümayiş etdirə bilər.

II. Gürcüstan vətəndaşı olan ermənilər və azərbaycanlılar Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının təmsilçilərinin görüşünü təşkil edə bilərlər.

III. Rəsmi Tbilisi Ermənistan və Azərbaycan rəhbərlərinin görüşünü təşkil etmək təşəbbüsünü irəli sürə bilər.

Bu halda Gürcüstan beynəlxalq hüququ, Aİ-nin son sammitinin sənədlərini əsas götürə bilər.

Gürcüstanın irəli sürdüyü təşəbbüslərdən imtina edən tərəf regional əməkdaşlığa xəyanət edən tərəf kimi təqdim olunmalıdır. Bu isə artıq Gürcüstanın xeyrinədir. Eləcə də belə təşəbbüslər Gürcüstanın daxili problemlərdə, o cümlədən erməni separatizminin qızışdırılması təzahürlərinin aradan qaldırılmasında tərəfdarlarını daha inamlı edəcək. Ermənistanın Gürcüstana qarşı Rusiya kartından istifadəni neytrallaşdırmaq üçün də bu sxem yararlı ola bilər.

Nəticədə, Gürcüstan daxil olmaqla bütün region uda bilər".