QHT rəsmisi Forumun əhəmiyyətindən danışdı AÇIQLAMA

16 Mart 2018 17:52 (UTC+04:00)

“I Qlobal Bakı Forumu 5 il bundan öncə keçirilmişdi. Əgər 2013-cü ilin 7-8 mart tarixində keçirilən Foruma 40-dan çox ölkədən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim qatılmışdısa, artıq builki Foruma 50-dən artıq ölkədən 500-ə yaxın mötəbər qonaq qatılmışdı. Bu, bir tərəfdən Bakı Forumuna artan marağın ifadəsidirsə, digər yandan Azərbaycan həqiqətlərinin daha çox ünvana yetişməsinin və yeni dostlar qazanmağımızın göstəricisidir”. Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılışındakı nitqində də vurğuladığı kimi, bu Forumun əsas təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kifayət qədər qısa müddət ərzində çox böyük nüfuza, çox yüksək iş göstəricilərinə malik qlobal beynəlxalq təsisata çevrilib: “Əlbəttə, Qlobal Bakı Forumu, uluslararası bir platforma, müzakirə müstəvisi olmaq etibarı ilə bəşəriyyəti rahatsız edən qlobal problemlərə diqqət yetirir, ağlın, məntiqin, sağlam yanaşmanın hasil olmasına çalışır.

Xatırladığımız kimi, I Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı durum;

II Forumda açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multi-idarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlər;

III Forumda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemlər;

IV Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi önəmli məsələlər;

V Forumda siyasət, mədəniyyət və prinsiplər, beynəlxalq, yerli və regional münasibətlər arasında tarazlıq, dünyanın müxtəlif ölkələrində baş verən siyasi, iqtisadi hadisələr, maliyyə və sosial çətinliklər, ikili standartlar müzakirə olunmuşdu.

VI Forum çərçivəsində, necə deyərlər, sabit mövzulardan başqa, Uluslararası Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın önəmi, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzuları müzakirə olunacaq.

Bax, bütün öncəki mövzuların sanki ümumiləşməsi və yeni mərhələyə keçməsi, Qlobal Bakı Forumunun həyatında bəlkə də daha yeni dönəmin başlamasının əlamətidir. Çünki kitabdan keçən, kitaba köçən problemlər həlli vacib məsələdir yaxud kitabların qeyd etdiyi problemlər çözülməkçün mövcuddur. Kitablı toplum sağlam toplum olmaq yolundadır. Bizim kimi müstəqilliyini yaxın tarixlərdə bərpa etmiş dövlətlərçün kitaba üz tutmaq, mədəni irsin inkişafı və gələcəyin kitabla formalaşması özəl önəm kəsb edir. Çünki biz böyük bir imperiyanın dağılması ilə kitabxana sistemlərinin, nəşriyyat sahəsinin və s. tənəzzül dövrünü də yaşadıq; senzuranın, bədii şuraların ləğvinin gətirdiyi üstünlüklərlə yanaşı, bu ləğvetmənin zərərli tərəflərini də gördük; habelə zövqsüz, bayağı “ədəbiyyat”ın meydan sulamasına da tanıq olduq və s.

Dünya dedektivləşmədən, qaçaraqlıqdan, “fast-fud”çuluqdan, “cız-bız”çılıqdan yaxa qurtarıb, yenidən sanballı, oturuşmuş, sınanılmış və sağlam yeniliyə açıq kitablı dünyaya qovuşmalıdır. Nə xoşdur ki, bu işin müzakirəsi bizim Bakıda və Xalq Cümhuriyyətimizin 100-cü ildönümü ilində keçirilir".