İşıqlı duyğularla zəngin Adil Qasımlı dünyası ADİL QASIMLI - 80

16 Mart 2018 17:14 (UTC+04:00)

Özünəməxsus dəsti-xətti ilə tanının şair Adil Qasımlı müxtəlif məzmunlu şeirləri ilə poeziya aləmində seçilir. A.Qasımlının şeirlərində obyektiv gerçəkliyə orijinal baxış, hadisə və situasiyaların professional şair duyumu ilə qavrayışı özünü büruzə verir. Bu şeirlərin əsas cəhəti poetik fikir və məqsəd aydınlığıdır. Bu poetik nümunələrdə şair ictimai məzmun dolğunluğu ilə yanaşı, yüksək bədiiliyə də nail olur. Dünyamızın taleyini yana-yana düşünən, hər cür saxta duyumlara, deyimlərə nifrət zəminində paklığa, mənəvi aydınlığa, gözəlliyə və məhəbbətə çağırış Adil Qasımlının bütün yaradıcılığı üçün səciyyəvi məziyyətdir.

Gürcü folklorunda, belə bir məsəl var ki, hər kəsin taleyi öz ürəyindədir. Ürəyi çəndən - qara dumandan təmizlədikcə tale ulduzu da parlaqlaşır, insanın ruzisi artır, yolu genişlənir, istedadı və əməlləri işıqlı olur. A.Qasımlının yaradıcılığındakı uğurları onun qəlbindəki işıqlı duyğularla bağlıdır. O, necə düşünürsə, ürəyi necə hökm edirsə, elə də yazır, sözlərini sadə və səmimi bir dillə və kövrəkliklə deyir. Buna görə də oxucusunun qəlbinə yol tapır. Onun istedadı və mənəvi saflığı, şəxsiyyəti ilə yaradıcılığı qaynar təbiətli ata-bala kimi doğmalaşmışdır. Bu doğmalıqda heç bir süni boya, xaric səs, yöndəmsiz məna çaları yoxdur. A.Qasımlının şeir yaradıcılığı həmişə özünün dərin lirizmi, səmimilik və poetik zərifliyi ilə diqqəti cəlb etmişdir. Onun zərif poetik duyumu fəal müşahidə və qüvvətli ictimai qayə ilə zənginləşərək lirik nəğmələrə, mənası və obrazlılığı ilə seçilən təsirli şeirlərə çevrilmişdir. Onun "Ağlım, ürəyim", "İnciməsin", "Yazıram", "Ayaqlar, başlar", "Dil" kimi şeirlərində şairin görüşləri və düşüncələri poetikləşib. Bu və ya digər şeirləridə şairin bədii ümumiləşdirmə bacarığı, adi faktları, müəyyən hadisə və detalları geniş mənada ifadə edə bilmək, səsləndirmək məharəti oxucunu təsirləndirir. "Dil" şeirində şairin bədii şəkildə ifadə etdiyi fikir dünyası maraqlı və diqqəti çəkəndir:

Dilin tərifinə nə desək haqdır,

Deməyin arabir o şər eyləyib.

Dil sirli çeşmədə, sirli bulaqdır,

Dil adi canlını bəşər eyləyib.

Dildə əks olunan dilin səsi yox,

Qəlbin nidasıdır, qəlbin səsidir.

Dil təkcə ünsiyyət vasitəsi yox,

Millətin millətlik vəsiqəsidir.

Gözəl şeir bədii dilin yüksək ifadə forması, varlığın obrazlarla, ahəng və ritmlərlə inikasıdır. Onun şeiri belə bir poeziyadır. Burada söz, ideya, məzmun və qafiyə sistemi bütövdür. Həm də yüksək sənət bütövlüyündədir. Onun təsvir və müraciət hədəfi konkret obyektlər və lövhələr olsa da, şairin fikri, məqsədi son dərəcə müxtəlif ünvanlıdır. Burada ümumiləşdirilmiş fəlsəfi eyhamlar var. Adi gözlə görünməyən və adi qulaqla eşidilməyən eyhamlar.

A.Qasımlının fərdi üslubunun qabarıq cəhətlərindən biri də daxili monoloq kimi səslənən şeirlərlə bağlıdır. Bu səpkili şeirlər bir qəlbin köks dolusu nəğməsi təsiri bağışlayır. Şair təkcə sözləri yerli-yerində işlədərək, mirvari kimi sapa düzmür, o, həm də dilimizi poetik səslənən yeni sözlərlə zənginləşdirir. Onun şeirinin ahəngdar misraları dövrümüzün tarıma çəkilmiş əsəblərindən yaranan, hərdən ehtiras, hərdən də həsrət və məhəbbətlə yoğrulmuş qeyri-adi melodiyalardır. Bu melodiyalar oxucunu əyləndirmək, ona zövq vermək üçün deyil, onu düşündürmək, narahat etmək, vəcdə gətirmək və ayıq saxlamaq üçündür:

Getsən, çoxlarına xəbər olacaq,

Şayiələr yollarda çapar olacaq,

Kipriyim gözümə çəpər olacaq,

Bir daha arxanca baxmayacağam.

Həsrətin əriyib getməz qar kimi,

Çiçəklər sinəmdə qəm-qubar kimi,

Tutulub-dolsam da buludlar kimi,

Bağrıma daş basıb yağmayacağam.

A.Qasımlı öz qələminə ehtiram hissini heç vaxt itirməyən, istedadına qəsd və xəyanət etməyən şairdir. Biz onun şeirlərində şair "məninin" yüksək vətəndaşlıq mövqeyini, xalqa, Vətənə bağlı arzularını, ideallarını, ictimai həyatımızda baş verən hadisələrə barışıqsız müdaxiləsini, narahatlığını görür və istər-istəməz ona qoşulur, onunla həmrəy oluruq.

80 yaşının tamam olması münasibətilə yubliyarı təbrik edir və yaradıcılıq uğurları arzulayırıq.