Radikallar Cəmil Həsənlini ittiham edir

14 Mart 2018 22:03 (UTC+04:00)

Müxalifət düşərgəsinin mitinq adlandırmaq istədiyi son şousunun rüsvayçılığından sonra radikallar bu uğursuzluğu da bir-birinin üzərinə atmaq ənənəsinə sadiq olaraq, yenə də qapazaltı axtarır. Nə ictimai dəstəyin, nə sosial sifarişin olmamasını, nə də qüsurlu fəaliyyətlərini etiraf etmək niyyətində olmayanlar budəfəki fiaskonu da kiminsə üzərinə atmaq, onu günahlandırmaq niyyətindədirlər. Öz gözündə tiri görməyənlər, həmişə olduğu kimi, başqalarının gözündə tük axtarmaqdadır.

"Məhsul"dakı rüsvayçılığa görə "şura" sədrinin yaxasından yapışıblar

Budəfəki uğursuzluğu da qondarma "Milli Şura"nın əldəqayırma sədri Cəmil Həsənlinin üstünə atanlar çoxluq təşkil edir və sanki bütün günahlar "şura" sədrindədir. Müsavatı da öz aksiyalarına qatanlar, nəticədə "Məhsul" stadionunda vur-tut 5-10 nəfərin yığışmasının şahidi olduğu zaman "şura" sədrinin yaxasından yapışmaq qərarına gəliblər. Çünki aksiyalarına iştirakçı toplamağı, məhz C.Həsnliyə tapşırdıqları üçün günahı onun üzərinə atmaqda özlərini haqlı hesab edirlər. "Şura" sədrinə mitinqə çağırışla bağlı sosial şəbəkələrdə təşviqat məsələləri tapşırıldığına görə, indi sorumluluğun da onun üzərində olduğu vurğulanır. C.Həsənlini yarıtmazdıqda ittiham edənlər arasında AXCP sədri də, Müsavat başqanı da, hətta "şura" üzvləri də var. Təkcə mitinqə çağırış və bununla əlaqədar təşviqat deyil, mitinqin təşkilatçılığı da, hətta yalnız Bakı yox, həm də rayonlardan insanların paytaxta, mitinqə axınını təşkil etməyi də öz üzərinə götürdüyü üçün, nəticədə "Məhsul" stadionunda qohum-əqrəbalarından başqa kimsənin olmadığının şahidi olduqları üçün hamı "şura" sədrini qınayır.

Radikalların nəzərdə tutduqları mitinqlə əlaqədar C.Həsənlinin boynuna qoyulan vəzifələri həddindən artıq çox idi və hətta bir ay bundan öncə, Avropada və Amerikada səfərdə olan "şura" sədri özü də üzərinə öhdəliklər götürmüşdü ki, mitinqin bu dəfə çoxsaylı iştirakçılarla keçirilməsinə nail olacaq. Təbii ki, bunun əksini müşahidə etdik və istər mahiyyət, istərsə də say etibarı ilə bu mitinqin əvvəlkilərdən zərrə qədər də fərqi olmadı. Əksinə, daha az iştirakçı toplaşdı və daha sönük bir aksiya keçirildi. Daha dəqiq desək, heç bu tədbir, bir növ baş tutmadı.

"Şura" sədri qeyri-səmimilikdə, yalan vədlərlə əqidə yoldaşlarını aldatmaqda günahlandırılır

Qeyd etmək yerinə düşərdi ki, AXCP və "Milli Şura" Müsavatla birgə mitinq keçirmək qərarına gəlsə də, mitinq öncəsi Ə.Kərimli heç Müsavat başqanı A.Hacılı ilə görüşmədi. Onların arasında vasitəçi bir növ C.Həsənli idi və əsas məqsədlərindən biri də bu partiyalar və onların liderləri arasında yaranan soyuqluğu aradan qaldırmaq idi. Mitinqdən 10 gün qabaq Həsənli Hacılı ilə görüşündə də bu mitinqin ilk AXCP - "Milli Şura" -Müsavat mitinqi olduğuna görə, Ə.Kərimli ilə A.Hacılı arasındakı sədləri aradan götürəcəyini vəd etmişdi. Hətta partiyaların birgə mitinq təşkil edəcəkləri təqdirdə, Müsavatın iştirak edəcəyi halda, informasiya dəstəyi ilə budəfəki mitinq iştirakçılarının, ən azı 30-40 min nəfərdən ibarət olacağına söz verən "şura" sədri, bu mənada da, gözləntiləri doğrultmadı. Amma radikalların mitinq adlandırdıqları bu aksiyaya min nəfərdən bir az çox tərəfdaş yığıldı ki, bunlar da partiya və qurum sədrlərinin qohum-əqrəbası idi.

"Milli Şura" sədrinin bu qədər öhdəlikləri boynuna götürdüyü halda, heç bir nəticə hasil olmadığına və mitinqin çox azsaylı iştirakçı ilə alayarımçıq yekunlaşmasına görə mitinqdən bir gün sonra "Milli Şura"nın koordinasiya şurasının iclasında Oktay Güləliyev, Gültəkin Hacıbəyli və digərləri Cəmil Həsənlini yarıtmazlıqda və iş bacarmamaqda günahlandırıb. Hətta telefon danışığı ilə iclasa qatılan Müsavat başqanı Arif Hacılı "şura" sədrini qeyri-səmimilikdə, müəyyən yalan vədlərlə əqidə yoldaşlarını aldatmaqda günahlandırıb. İstər "Milli Şura" üzvləri olsun, istər AXCP sədri olsun, istərsə də Müsavat partiyası başqanı və onun üzvləri arasında C.Həsənliyə qarşı bundan sonra etibarın olacağına özünün belə zərrə qədər gümanı yoxdur. Bu səbəbdən, hər hansı tədbirin təşkilatçılığı, yaxud hər hansı bir vəzifənin bundan sonra Həsənliyə veriləcəyi heç inanılası deyil.

Elə bil ki, nə Ə.Kərimlinin, nə A.Hacılının, nə də, ümumilikdə, müxalifət düşərgəsinin bu uğursuzluqda zərrə qədər payı yoxdur və ictimai dəstəyin olmamasında sanki heç biri günahkar deyil. İllərdir siyasi səhnədə yalnız uğursuzluqlara imza atanların bu gün yaxalarını kənara çəkmələri çox gülünc görünür və bu "xəcalət mitinqi"ndə, onun rüsvayçılıqlarında hər birinin ayrıca payı görünməkdədir. Nə Kərimlinin saxtakarlığı, nə Hacılının mövqesizliyi, nə də bu destruktiv müxalifətin milli maraqlar, dövlətçilik əleyhinə xəyanətkar fəaliyyəti ictimaiyyətin diqqətindən yayına bilməz və bu səbəbdən, uğursuzluqda hər birinin ayrıca payı olan radikalların hər hansı bir uğura zərrə qədər ümidi ola bilməz.

İnam HACIYEV