Ermənilərin törətdikləri ağır cinayətlərin izi - 31 Mart SOYQIRIMI

14 Mart 2018 17:40 (UTC+04:00)

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələr 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlarla xarakterizə olunur. Həmin hadisədən 100 il ötsə də azğınlaşan erməni millətçilərinin qeyri-insani əməlləri nəticəsində Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə törədilən kütləvi qətllər, talanlar və etnik təmizləmələr tarixin yaddaşından silinməyib.

1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlayıb. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda, "Daşnaksutyun" partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak edib. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edilərək, uşaqdan-böyüyədək qətlə yetirildi. Mənbələrdə göstərilir ki, dəhşətli günlərin şahidi olan Kulner familiyalı bir alman ermənilərin müsəlman məhəllələrinə soxularaq hər kəsi öldürdüyünü, qılıncla parçaladığını və süngü ilə dəlmə-deşik etdiklərini yazıb. O, qeyd edib ki, qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış və cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər. Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş və qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyiti tapılmışdır. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da sənədlərin dili ilə qeydə alınıb. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər.

SOYQIRIMIN TƏŞKİLİNDƏ ERMƏNİ MİLLİ ŞURASININ VƏ "DAŞNAKSÜTUN" PARTİYASININ ROLU SƏNƏDLƏRİN DİLİ İLƏ

Mart qırğınları zamanı şəhərin geniş sahələrə malik olan bir çox binaları - teatrlar, kinoteatrlar, məktəblər, polis məntəqələri, Şəhər Dumasının ictimai binası, vağzal və digər binalar, hətta hamamlar da minlərlə bədbəxt, qarət edilmiş, öz yaxınlarının vəhşicəsinə qətli faciəsini yaşamış azərbaycanlıların, əsasən, qadın, uşaq və qocaların gətirildiyi və günlərlə, bir çox hallarda ac və susuz saxlanıldığı həbsxanalara çevrilmişdi. Müsəlmanların kütləvi surətdə əsir alınmasında iştirak etmiş bəzi erməni xadimləri sonradan bu əməli guya dinc müsəlman vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə görülmüş zəruri tədbir kimi izah etməyə çalışıblar. Müsəlmanların əsir alınması silahlı erməni quldur dəstələri tərəfindən zorla həyata keçirilmiş, təhqirlərlə, bir çox hallarda isə qətllərlə müşayiət olunmuşdur. Hadisələrin şahidlərinin söylədiklərinə görə, erməni əsgərləri müsəlman qadınların çadralarını cırır, onları hörükləri ilə bir-birinə bağlayır və başıaçıq, ayaqyalın şəhərin küçələrində gəzdirərək, yolboyu süngülərlə döyür, əsirlərin saxlandıqları yerlərə qovurdular. Erməni "ziyalıları" isə, bu zaman öz arvadlarını azərbaycanlıların "rüsvayçılığına" tamaşa etməyə gətirirdilər.

1918-ci ilin faciəli mart günlərində şəhərin müsəlman əhalisinə - iri sənayeçilərə, zavod, liman və neft mədənləri sahibkarlarından başlayaraq çoxsaylı mülki, sosial və ticarət obyektlərinin: evlər, idarə, mehmanxana, məktəb, restoran, bərbərxana, emalatxana, mağaza, anbar, dükan, tövlə və s. sahiblərinə vurulan maddi ziyanın miqyasını və dəyəri yüz milyonlarla ölçülür. Mənbələrdə qeyd olunur ki, yalnız məlum faktlar əsasında bu rəqəm 400 000 000 göstərilirdi. Yandırılan və dağıdılan binalar arasında azərbaycanlıların mədəni-ictimai və dini mərkəzini təcəssüm etdirən "İsmailliyə" - Müsəlman Xeyriyyə Cəmiyyətinin binası, "Kaspi" və "Açıq göz" qəzetlərinin, "Dağıstan", "İsgəndəriyyə" mehmanxanasının da binaları var idi. Müsəlmanların qaldıqları bu mehmanxana və karvansaralar orada olan insanlarla birlikdə yandırılmışdı.

31 mart SOYQIRIMIN törədilməsinin təşkilində Erməni Milli Şurasının və "Daşnaksütun" partiyasının rolu, erməni "ziyalı və kübar təbəqələri" nümayəndələrindən tutmuş "erməni qara camaatı"na qədər iştirakı sənədlərin dili ilə qeyd alınıb. Qırğınların ilk günlərində Bakının on minlərlə müsəlman sakinləri yalnız hər hansı yolla şəhərdən çıxa bildiklərinə görə sağ qalmışdılar.

80 İL SONRA HADİSƏLƏRƏ ADEKVAT SİYASİ QİYMƏT VERİLDİ

1918-ci ilin martında bir sıra Bakı kəndlərinin - Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibi-Heybət, Hökməli, Zabrat, Sabunçu, Ramana, Xırdalan və s. sakinləri erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı olmuşlar.

Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmamışdır. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qarsda da azərbaycanlıların qırğını törədilmişdir. 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı cümə məscidi də daxil olmaqla, əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış və əhalisi məhv edilmişdir.

Rəsmi rəqəmlərə istinad etsək, görərik ki, 1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında, əsasən, qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, öldürülmüşdür. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə, bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılmış və əhalisi məhv edilmişdir. 1920-ci ilin mayında ermənilərin və XI qırmızı ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdir.

O illərdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırıldı, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındır Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edildi.

ERMƏNİSTANIN PLANLI ŞƏKİLDƏ HƏYATA KEÇİRDİYİ SON ETNİK TƏMİZLƏMƏ SİYASƏTİ

Zaman-zaman ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi iyrənc siyasət nəticəsində xalqımız ağır işgəncələrə məruz qalmışdı. Dünyanın gözü qarşısında azərbaycanlılar 1988-ci ildən başlayaraq, Ermənistandan deportasiya olundular. 1988-ci ilin yanvarından etibarən "türksüz Ermənistan" siyasəti planlı şəkildə həyata keçirilməyə başlandı. Ermənistan hökuməti, "Qarabağ" və "Krunk" komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiyalar törətdilər. Ermənistanın planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində, tarixən burada yaşamış 250 min azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişlər. 1988-ci ildən başlayaraq, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı surətdə həyata keçirildi. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədildi - Dağlıq Qarabağda 6 min nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən Sovet qoşunlarının köməyi ilə bir gecədə darmadağın edildi, 613 nəfər dinc əhali vəhşicəsinə, qəddarlıqla qətlə yetirildi, 150 nəfər itkin düşdü. Bu qanlı faciədə 1000 nəfər dinc sakin müxtəlif dərəcədə şikəst oldu, 1275 nəfər isə - qocalar, qadınlar və uşaqlar əsir aparılaraq dəhşətli təhqirlərə, zülmə və həqarətə məruz qaldı.

1988-1992-ci illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində, 20 min nəfər azərbaycanlı həlak oldu. Bütün bunlar ermənilərin xalqımızın başına gətirdiyi faciə və soyqırımıdır. Zaman dəyişsə də, ermənilərin azərbaycanlılara qarşı siyasəti dəyişməz olaraq qalır. Tarixin silinməz daş yaddaşına nəzər saldıqca, erməni məkri və hiyləsi açıq-aydın görünür.

Nəzakət ƏLƏDDİNQIZI