Mitinq uğursuzluğunun məntiqi reallığı

14 Mart 2018 17:37 (UTC+04:00)

26 ildir müxalifətdə qalaraq, heç bir siyasi uğur qazanmayanların bundan sonra hər hansı bir nailiyyət əldə edəcəklərini düşünmək, sadəcə, sadəlöhvlükdür

Sirr deyil ki, dağıdıcı müxalifətin mitinqi və bir sıra hallarda, daha dəqiq desək, seçkilər ərəfələrində tətbiq etdikləri "seçkiləri boykot" taktikaları dəfələrlə uğursuzluqla nəticələnib. Təkcə ötən ilin payızında və bu yaxınlarda keçirilən aksiyalar da sözügedən amili kifayət qədər təsdiq edir. Bu gün özlərinə "müxalifət lideri" deyənlər gerçək kütləvi aksiyaların necə olduğunu, hansı rekord saylara imza atdığını yaxşı xatırlayarlar. Müstəqillik əldə etmək üçün keçirilən ümumxalq hərəkatı zamanı kütləviliyi ilə dünyaya səs salan mitinqlər barədə danışmaq kifayət edər ki, əsl kütləvi mitinqin necə olduğunu görsünlər. 1988-90-cı illərdə "Azadlıq" meydanına toplaşaraq, bir milyon insanın müstəqillik tələb etməsi də bu xüsusdandır. Ona görə də, bu gün "Məhsul" stadionunda mitinq keçirənlər "on minlərlə" ifadəsini işlədərkən, hərəkat dövrünü xatırlayıb, əslində, məlum iddialarından xəcalət çəkməlidirlər. Ancaq bunun yerinə, hələ də "kütləvi dəstək" əldə etdiklərini deyirlər. Halbuki...

Mitinq faktoru artıq tarixə çevrilir, ona maraq dayanmadan tükənir

Halbuki bu gün ictimai-siyasi həyatda fəal olanların çoxları bilirlər ki, mitinqlər, kütləvi aksiyalar, əsasən, informasiyaların və məlumatların qıt olduğu, yaxud həmin faktorların qarşısının alındığı zamanlarda daha effektli olur. Çünki məlumatsız insanlar istər-istəməz təşkil edilən aksiyalara gedərək, ən azından, hər hansı hadisələrlə bağlı informasiya əldə edirlər. Əgər Azərbaycanda söz və mətbuat azadlığı, eləcə də, internet azadlığı mövcuddursa və informasiya əldə etmək üçün digər resurslara çıxışlara da maneəsiz şəkildə qoşulmaq mümkündürsə, demək, insanlar, məhz həmin informasiyaları əldə etmək üçün daha rahat istifadəni seçirlər. O cümlədən, mitinq faktoru artıq tarixə çevrilir, ona maraq dayanmadan tükənir. Ümumiyyətlə, söz oyunu ilə xalqı özlərinə tərəf cəlb etməyə cəhd göstərən radikal müxalifət "liderlərinin" guya Qərb ölkələrində, Avropada insanların işləməsələr belə, havayı maliyyələr əldə etmələri, özləri tərəfindən tərtib edilən "mükəmməl qanun layihələri" yazmaları və s. barədə dedikləri ifadələrinə artıq kimsə inanmır. Həm də, ona görə inanmır ki, 26 ildir müxalifətdə qalaraq, heç bir siyasi uğur qazanmayanların bundan sonra hər hansı bir nailiyyət əldə edəcəklərini düşünmək, sadəcə, sadəlöhvlük olaraq qiymətləndirilə bilər.

"Liderlərə" müxalifətdə qalıb, siyasi biznes qurmaq daha maraqlıdır

Başqa tərəfdən, zaman-zaman dağıdıcı müxalifətin xarici ölkələrdəki havadarlarının, məsələn, "Soros" fondunun, eləcə də digər anti-Azərbaycan meyilli fondların onlara göstərdikləri maliyyə dəstəkləri, demək olar ki, bilavasitə, "liderlərin" ciblərinə axıb. Ümumiyyətlə, bir neçə mitinq təşkil edərək, yerdə qalan maddi hissəni mənimsəyən siyasətbazların hakimiyyətə yiyələnmək istəklərinə inananlar varsa, onlar kökündən yanılırlar. Çünki "liderlərə" müxalifətdə qalıb, siyasi biznes qurmaq daha maraqlıdır. Təkcə, saxta partbiletləri və arayışları müəyyən rüşvətlər hesabına "siyasi mühacir" statusu ilə birgə insanlara satmaq külli miqdarda maliyyə əldə etməyə zəmin yaradır. Bunun üçün isə, mitinq adı altında süni eyforiya düzənləyib, siyasətlərini biznesə çevirmək "liderləri"n başlıca məqsədləridir. Bütün bunları əllərində saxlamaq üçün isə bacardıqları qədər dövlətçilik maraqları əleyhinə çıxışlar etmək, çağırışları və şüarları ilə ətraflarında qalan beş-üç nəfəri əldə saxlamaq lazımdır. Ancaq get-gedə həmin beş-üç nəfərlər də siyasi dividend və biznes maraqlarını üstün tutan "liderlərdən" kənarlaşmaqdadırlar.

Əbəs deyil ki, hər mitinqdən sonra aksiyadakı çıxışların, təkliflərin deyil, "Stadionda nə qədər iştirakçı olub" sualı ətrafında polemikalara girişirlər

Digər bir məqama da diqqət yetirə bilərik. Misal üçün, heç müxalifət "liderlərinin" özləri də partiyalarında nə qədər üzv və tərəfdar olduqlarını bilmirlər. Çünki bütün seçkilərdə uduzan radikallar yandaşlarını itirməkdə davam edirlər. Görünür, bu səbəbdən, dırnaqarası mitinqlər keçirməklə öz sosial bazalarının miqdarını təxmin etməyə çalışırlar. Əbəs deyil ki, hər mitinqdən

sonra aksiyadakı çıxışların, təkliflərin deyil, "Stadionda nə qədər iştirakçı olub" sualı ətrafında polemikalara girişirlər. "Milli Şura"nın martın 10-da keçirdiyi mitinqinin ardınca da bənzər vəziyyət yaşandı. Hətta sosial şəbəkədə bir müxalifətçi tərəfdar yazıb ki, "Məhsul"da yetərincə insan olmasa da, onu hər hansı internet televiziyasından daha çox insan izləyib. Əlbəttə, bu iddia da özü-özlüyündə gerçəkliyi əks etdirmir. Daha doğrusu, müxalifətçi olmayanlar da istənilən internet resursuna daxil olaraq, hər hansı prosesi izləyə bilərlər. Onların da adını "müxalifət tərəfdarı" qoyub, "Milli Şura"nın, Müsavatın, "NİDA" hərəkatının və s. xırda QHT-lərin birgə mitinqini izləyənlər sırasına qatmaq, sadəcə, siyasi və uğursuz manipulyasiyadır.

Beləliklə, mitinq iştirakçılarının sayı ətrafında "siyasi güclərini" ölçən radikal müxalifət "liderləri", onu da anlamağa məhkumdurlar ki, aksiyaları icazəli olaraq keçirilib və icazəli olsa belə, həmin tədbirlərinə maksimum 1000-1500 nəfər adam toplaşıb. Bu sayın yarısının jurnalist və polis işçiləri olduğunu da nəzərə alarsaq, demək, həqiqətən də, radikallar siyasi qıtlıq çəkirlər və bu qıtlıq onların siyasi sonlarını daha da yaxınlaşdırır.

Rövşən NURƏDDİNOĞLU