Nazir fəxri konsulumuz Otto Hauser ilə görüşüb FOTOLAR

14 Mart 2018 16:46 (UTC+04:00)

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauserin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına gör, nazir qonaqları salamlayaraq Almaniya - Azərbaycan arasında turist mübadiləsindən, turislərin sayının artırılmasının vacibliyindən söz açıb. Nazir qeyd edib ki, ölkəmizə turistlərin cəlb olunması, turizm potensialının təbliği məqsədilə 2014-ci ildən nazirliyin Almaniyada turizm nümayəndəliyi fəaliyyət göstərib.

O, Almaniyanın turizm bazarının ölkəmiz üçün Avropada prioritet istiqamətlərdən biri olduğunu və bu məqsədlə Berlində keçirilən “İTB Berlin” sərgisində ölkəmizin hər il iştirak etdiyini, 2013-cü ildə sərginin rəsmi tərəfdaşı olduğunu qeyd edib. O bildirib ki, sərginin təşkilat komitəsi ilə mütəmadi danışıqlar aparılır və gələcəkdə ölkəmizin turizm potensialının təbliği məqsədilə bir neçə layihənin həyata keçirilməsi də planlaşdırılır. Həmçinin, dövlət tərəfindən elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması turistlərin sayının artımında mühüm rol oynadığını vurğulayıb.

Fəxri konsul Otto Hauser bildirdi ki, Azərbaycanın turizm potensialının təbliği məqsədilə ölkəmizin Almaniyada keçirilən sərgilərdə iştirakı mühüm rol oynayır. O, Almaniyanın Ştutqart şəhərində keçirilən “CMT” beynəlxalq turizm sərgisində gələcək illərdə ölkəmizi rəsmi tərəfdaş qismində iştiraka dəvət edib və bildirib ki, bu turist artımına yüksək təsir göstərə bilər. Həmçinin fəxri konsul, bu il 7 gün keçirilmiş bu beynəlxalq turizm sərgisində 280 mindən çox adamın iştirak etdiyini və iştirakçılar arasında keçirilmiş sorğuya əsasən ölkəmizə marağın yüksək olduğunu qeyd edib.

Nazir bildirdi ki, Azərbaycan Almaniyadan turistlərin cəlb olunmasında olduqca maraqlıdır və ölkəmizdə bunun üçün turizmin müxtəlif növləri inkişaf etməkdədir. Həmçinin, alman turistlərinin Azərbaycana səfəri üçün ən başlıca səbəblərdən biri kimi ölkəmizdə alman yaşayış məskənlərinin mövcud olmasını vurğulayıb.

Sonda qonaq səmimi qəbula görə minnətdarlığını bildirib.