Nəsimi rayonunda “Abad həyət” sakinlərin istifadəsinə verildi

14 Mart 2018 12:31 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı yerli infrastruktur layihələrin icra olunması məqsədilə Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmiş və hazırda növbəti layihələr reallaşdırılmaqdadır.

Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda və binaların həyətlərində yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır. Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına hasara alınmış ərazilərin çəpərləri sökülərək ərazidə təmizlik işləri aparılır, mövcud ağaclar budanır, səliqə-səhman yaradılır.

Abadlıq quruculuq işləri çərçivəsində H.Seyidzadə küçəsi 2, 5, 15, 35, 37 ünvanlarında geniş abadlıq işləri aparılıb, çoxsaylı binaların fasadları əsaslı təmir olunub, binaların blok girişləri, blok qapıları və pəncərələri yenilənib və "Abad həyət" salınıb.

Novruz bayramı ərəfəsində 2-ci mikrorayon, H.Seyidzadə küçəsi 37 ünvanının qarşısında “Abad həyət” Nəsimi rayon sakinlərinin istifadəsinə verilib.

Bu ünvanda binaların fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilib, binaların blok girişləri, blok qapıları və pəncərələri yenilənib. Yaşıllaşdırma işləri aparılıb, həyətə ağac və gül kolları əkilib. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılıb. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılıb.

Sonra Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı həmin ünvanda səyyar qəbul keçirib.

Qəbulda 200 nəfərdən çox yaxın ətrafda yaşayan sakinlər iştirak ediblər. Sakinlərə ölkə başçısının səyləri nəticəsində əhalinin rifahının daha da artırılması, aparılan geniş abadlıq-quruculuq işləri, həmçinin Nəsimi rayonunda görülən işlər barədə məlumatlar verilib, sakinlərin müraciətləri dinlənilib. Sakinlərdən Abdullayev Azər, Əsədova Solmaz, Kərimova Nazilə, Nəcəfov Mehdi, İsmayılov Əlibaba, Məmmədova Urqiyyyə və digərləri bir sıra məsələlərlə, o cümlədən, dam örtüyünün təmir olunması, binanın zirzəmisinə su yığılması, həyətin işıqlandırılması, istilik təchizatının yaxşılaşdırılması, mənzil növbəsi ilə bağlı RİH Başçısına müraciətlər ediblər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qəbulun gedişində Nəsimi rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, onları maraqlandıran digər məsələlərlə bağlı sakinlərlə söhbət aparılıb.