QDİƏT PA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

14 Mart 2018 11:14 (UTC+04:00)

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək. SİA-nın məlumatına görə, bu barədə "Seçki-2018" Müstəqil Media Mərkəzinin saytına açıqlamasında QDİƏT Parlament Assambleyasının baş katibi Asəf Hacıyev bildirib.

Baş katib qeyd edib ki, müşahidə missiyasının tərkibinə təşkilata üzv ölkələrin deputatları daxil ediləcək.

Azərbaycandakı seçkiöncəsi mühitdən danışan A.Hacıyev deyib: “Azərbaycanın seçki təcrübəsi və ölkədəki seçki mühiti qənaətbəxşdir. Hər bir ölkənin öz tarixi yolu, ənənələri var. Azərbaycanın da özünün demokratik prinsiplərə söykənən seçki ənənələri mövcuddur. Seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul edilib, bütün proses qanun çərçivəsində aparılır. Hesab edirəm ki, 11 aprel seçkiləri demokratik normalar çərçivəsində baş tutacaq. Azərbaycanın şəffaf və ədalətli seçki keçirməyə imkan verən qanunvericliyi var”.