Tramp Tillersonla yolları niyə ayırdı? ŞƏRH

14 Mart 2018 11:13 (UTC+04:00)

“ABŞ prezidenti Donald Tramp Reks Tillersonu dövlət katibi vəzifəsindən niyə çıxartdı? Bu sual hazırda çoxlarını maraqlandırır. Fikrimcə, Tramp Tillersonun son dərəcə müstəqil hərəkət etməsindən narahat idi”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, həqiqətən Tillerson siyasi çəkisinə görə Trampdan geri qalmırdı: “Belə baxanda böyük neft şirkətinin rəhbəri olan Tillersonun pulu keçmiş tikinti maqnatı Trampın pulundan çox idi. Elə dövlət katibi vəzifəsində də Tillerson müstəqil qərarlar verməyə çalışırdı, ancaq Ağ Ev administrasiyası onun qərarlarından sanki qıcıqlanırdı. Trampın müşaviri və kürəkəni Kuşner də Tillersonla razlaşdırmadan xarici siyasətlə məşğul idi. Bu da Tillersonun xoşuna gəlmirdi.

Bir sözlə iki qoçun başı bir qazanda qaynamadı. Trampın Amerika prezidenti olduğu müddət bir ildən bir az artıqdır, ancaq öz kabinetində istefaya göndərdiyi məmurların sayı-hesabı yoxdur. Bu ondan irəli gəlir ki, Donald Trampın daxili və xarici siyasətdə sistemli yanaşması yoxdur. Bir neçə gün əvvəl iqtisadi məsələlər üzrə müşaviri də Ağ Ev sahibinin Avropa Birliyi dövlətlərinə qarşı tətbiq edilən yeni iqtisadi qaydalarla razılaşmayaraq istefa vermişdi”.