“Ağ liman”-dan "Yaxşı padşahın nağılı”na qədər... Anar-80

14 Mart 2018 10:59 (UTC+04:00)

Bu gün Azərbaycanın görkəmli ziyalısı, yazdığı əsərləri ilə nəinki ölkəmizin, bütün türk dünyasının sevimli yazıçısı kimi tanınan Xalq Yazıçı Anarın 80 yaşı tamam olur. Onun çoxşaxəli yaradıcılığı, bədii və publisistik əsərləri, kinofilmləri xalqa sədaqətlə xidmət еtmək nümunəsidir.

Bu ali məqsəd naminə Anar dünən də, bu gün də həm nasir və dramaturq, həm ssenarist və kinorejissor, həm də publisist və ictimai xadim kimi yaşayıb yaradır, çalışır və geniş fəaliyyət göstərir.

Anar 1938-ci il martın 14-də Bakıda tanınmış Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib. Anar, eyni zamanda, Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olmuş Xudadat bəy Rəfibəylinin nəvəsidir. Anar 1955-ci ildə hazırda Bülbülün adını daşıyan musiqi məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra Nizami adına Ədəbiyyat muzeyində kiçik elmi işçi, Dövlət Radio və Televiziya Komitəsində redaktor işləyib. Radioda çalışdığı vaxtda “Axşam görüşləri”, “Tərcümə saatı”, “Səslər muzeyi” kimi daimi verilişlərin əsasını qoyub.

1962-1964-cü illərdə Moskvada Ali Ssenari kurslarında, 1971-1972-ci illərdə Rejissor emalatxanasında təhsilini davam etdirib. 1964-1967-ci illərdə Dövlət Radio və Televiziya Komitəsində uşaq şöbəsinin, daha sonra incəsənət şöbəsinin müdiri vəzifəsində çalışıb.

İlk bədii yazıları olan “İki dəniz” hekayəsini və Amerika həyatından bəhs edən pyesini 1952-ci ildə Şuşada yazıb. Mətbu əsərləri isə 1960-cı ildə “Azərbaycan” jurnalının dekabr nömrəsində dərc olunmuş “Keçən ilin son gecəsi” və “Bayram həsrətində” hekayələridir. “Bayram həsrətində” adlı ilk kitabı 1963-cü ildə Bakıda çapdan çıxıb.

Azərbaycan dilində və başqa dillərdə 120-dən artıq nəsr, dram, publisistika, esse, şeir və bədii-bioqrafik kitabları nəşr edilib.

Bakıda Azərbaycan dilində yeddicildliyi, rus dilində beşcildliyi və dünyanın müxtəlif ölkələrində kitabları çap olunub.

“Ağ liman”, “Beş mərtəbəli evin altıncı mərtəbəsi”, “Macal”, “Dantenin yubileyi”, “Əlaqə”,” Otel otağı”, “Ağ qoç, qara qoç”, “Göz muncuğu”, “Keçən ilin son gecəsi”, “Asqılıqda işləyən qadının söhbəti”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası”, “O gecənin səhəri”, “Qırmızı limuzin”, “Vahimə”, “Yaxşı padşahın nağılı” adlı povest, roman və hekayələri, “Molla Nəsrəddin 66” satirik hekayələr silsiləsi qırxa yaxın dilə çevrilib.

Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Unudulmaz görüşlər” kitabının, Nazim Hikmət haqqında Azərbaycanda və Türkiyədə nəşr edilmiş “Kərəm kimi” sənədli romanının, valideynlərini itirdiyi ağır günlərə həsr olunmuş “Sizsiz” xatirə romanının, Ənvər Məmmədxanlıya həsr olunmuş “Həyatım ağrıyır” xatirə povestinin, Rəsul Rzanın həyat və yaradıcılığı barədə “Mübarizə bu gün də var” kitablarının müəllifidir.

Azərbaycan, Türkiyə, rus və dünya klassik və çağdaş yazıçıları, sənət adamları haqqında onlarla esseləri, memuar xarakterli yazıların müəllifidir. Ən qədimlərdən bu günə qədər Azərbaycan ədəbiyyatına, musiqisinə, təsviri, tətbiqi sənətinə, memarlığına, teatr və kinosuna, mətbuatına, elminə, tarixinə həsr olunmuş yazıları toplanmış üç cildlik “LİK (Literatura, İskusstvo, Kultura) Azerbaydjana” kitabı rus dilində nəşr olunub. Bakıda çap olunmuş ikicildlik “Min beş yüz ilin oğuz şeiri” və Ankarada nəşr edilmiş “Min ilin yüz şairi” antologiyalarının tərtibçisi, “Dədə Qorqud ensiklopediyası”nın təşəbbüskarı və “Ön söz” müəllifidir.

Anarın səkkiz pyesi - “Keçən ilin son gecəsi”, “Qaravəlli”, “Adamın adamı”, quruluşunu Tofiq Kazımov verdiyi və Azərbaycanın Dövlət mükafatına layiq görülmüş “Şəhərin yay günləri” tamaşası, “Səhra yuxuları”, “Sizi deyib gəlmişəm”, “Təhminə və Zaur”, “Telefon gecələri” ölkəmizdə və dünyanın müxtəlif ölkələrinin teatrlarında səhnəyə qoyulub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Görkəmli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı” baletinin, Vasif Adıgözəlovun “Aldın payını, çağır dayını” musiqili komediyasının librettosu Anara məxsusdur.

Anar bir sıra televiziya tamaşalarının, filmlərinin və sənədli filmlərin -“Evləri köndələn yar”, “Nigarançılıq”, “Bu - Səttar Bəhlulzadədir”, “Bu - Cavaddır”, “Daş saatın səsi”, “Dədə Qorqud dünyası”, “Çinar ömrü” və s. ssenari müəllifidir. Anarın ssenariləri əsasında “Torpaq. Dəniz. Od. Səma”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ötən ilin son gecəsi”, “İmtahan”, “Əlaqə”, “Təhminə”, “Otel otağı”, “Cavid ömrü”, “Sübhün səfiri” tammetrajlı bədii filmlər çəkilib. “Dantenin yubileyi” filmini öz ssenarisi əsasında Anar və Gülbəniz Əzimzadə çəkib. Anar həm də hər biri iki seriyalı olan “Üzeyir ömrü” və “Qəm pəncərəsi” filmlərinin ssenari müəllifi və quruluşçu rejissorudur.

Əsərləri ölkəmizdən kənarlarda da kinematoqrafçıların diqqətini cəlb edib. “Mən, sən, o və telefon” hekayəsi əsasında “Mosfilm”də “Hər axşam 11-də” filmi çəkilib və həmin hekayə Türkiyədə də ekranlaşdırılıb. Türkiyədə “Dantenin yubileyi” povesti əsasında “Aktyorun əsgisi” adlı bədii film çəkilib. Moskvada mərkəzi televiziyası “Mən, sən, o və telefon” hekayəsini və iki müxtəlif quruluşda “Keçən ilin son gecəsi” hekayəsini ekranlaşdıraraq nümayiş etdirib.

Yazıçı haqqında Bakıda Azərbaycan və rus dillərində onlarla kitab, Türkiyədə, Rumıniyada da kitablar nəşr olunub. Onun yaradıcılığına Azərbaycan, Türkiyə, İran, Moskva, MDB, Avropa və ərəb ölkələrində ümumi sayı yüzlərlə ölçülən məqalələr, resenziyalar, dissertasiya və monoqrafiyalar həsr edilib.

Rejissor Ramiz Həsənoğlu müxtəlif illərdə Anara həsr olunmuş “Anarla üz-üzə” və “Anarlı anlar” televiziya filmi çəkib. Anarın sözlərinə Emin Sabitoğlu, Xəyyam Mirzəzadə, Cavanşir Quliyev mahnılar bəstələyiblər.

Anarın yaradıcılığı və fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycanın yüksək ordenləri - “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif edilib.