Bakda beynəlxalq elmi konfrans keçirilir YENİLƏNİR

14 Mart 2018 10:06 (UTC+04:00)

Sabah ölkəmizdə keçiriləcək VI Qlobal Bakı Forumu çərçivəsində bu gün Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil olunub. SİA-nın verdiyi məlumata görə, “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” adlanan konfrans Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə əməkdaşlığı ilə keçirilir.

Konfransda 13 müxtəlif ölkədən - Kanada, Amerika, Brazilya, Hindistan, ABŞ, Misir, Gürcüstan, Türkiyə, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İran, Finlandiyadan 20-dən artıq alim, eləcə də 30-dan çox azərbaycanlı elm adamı, nizamişünaslar iştirak edir.

“Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” adlanan bu konfrans mövzunun nəzəri və praktiki aspektlərini, Nizaminin poeziyasının estetikasını, fəlsəfəsini, ədəbiyyatın və mədəniyyətin “milli mənsubiyyəti”, irredentizm, ortaq mədəni keçmişi kimi problemləri əhatə edəcək. Nizami poeziyasının timsalında mədəni irsin tarixin fərqli mərhələlərində dərki və yozumu, dominant kimlik meyarlarının - dövlət sərhədlərinin, din və dil statusunun dəyişməsi ilə əlaqədar mədəni irsin hansı müasir milli mədəniyyətlərə aid edilməsi prinsiplərini gündəmə gətirəcək.