“Kimyəvi reaksiyaların sürəti. Tarazlıq” AÇIQ DƏRS

13 Mart 2018 17:08 (UTC+04:00)

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Kimyəvi reaksiyaların sürəti. Tarazlıq” mövzusunda növbəti interaktiv açıq dərs keçirilib. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, bölmənin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının şöbə müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun apardığı dərsdə aktivləşmə enerjisi, reaksiyanın sürətinin hesablanması, reaksiyanın sürətinə təsir edən amillər, kimyəvi tarazlıq, tarazlığa təsir edən amillər barəsində şagirdlərə ətraflı məlumat verilib.

Qorxmaz Hüseynov çıxışında maddələrin bir-biri ilə molekullarındakı atomlar arasında kimyəvi rabitələrin qırılması və ya zəifləməsi halında reaksiyaya girdiklərini deyib. O, bu rabitələrin qırılması və ya zəifləməsi üçün müəyyən qədər enerji tələb olunduğunu söyləyib.

Reaksiyanın sürətinə təsir edən amillərdən də danışan alim bildirilib ki, aktiv maddələrin iştirakı ilə reaksiya böyük, passiv maddələrin iştirakı ilə reaksiya zəif sürətlə gedir. Məlumat verilib ki, reaksiyanın sürətinin temperaturdan asılılığı Vant-Hoff qaydasına görə, xarici şəraitin (qatılıq, temperatur və təzyiq) tarazlığa təsiri isə Le-Şatelye prinsipi ilə müəyyən olunur.

Dərs zamanı video slayd vasitəsilə kimyəvi tarazlığın izahlı testləri şagirdlərin diqqətinə çatdırılıb.