Mikayıl Rəhimov: “MSK KİV-lə çox yüksək səviyyədə iş qurub" YENİLƏNİB-MÜSAHİBƏ - SƏS TV

13 Mart 2018 16:29 (UTC+04:00)

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimovun SİA-ya müsahibəsi:

- Mikayıl müəllim, Mərkəzi Seçki Komissiyasında prezident seçkiləri hazırda hansı mərhələdədir?

- Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevral ayının 5-də imzaladığı Sərəncama uyğun olaraq Mərkəzi Seçki Komissiyası (MSK) fevral ayının 6-da “Təqvim Planı” tərtib etdi və MSK-nın iclasında bu qəbul olundu. Proseslər MSK-nın qəbul etdiyi “Təqvim Planı”na uyğun olaraq Seçki Məcəlləsinin tələbləri üzərində qurulub. Artıq bir aydan artıqdır ki, biz bu prosesləri davam etdiririk. Bildiyiniz kimi artıq namizədlərin irəli sürülməsi mərhələsi başa çatıb. Ötən gün saat 18:00-a qədər namizəd olmaq istəyən şəxslər onlara verilmiş imza vərəqələri və zəruri olan sənədləri MSK-ya təqdim etməyinin vaxtı bitdi. Qeyd etmək istəyirəm ki, bu günə qədər bizə müraciət etmiş 15 namizəd olmaq istəyən vətəndaşımızdan 7 nəfərini artıq biz qeydə almışıq. Bunlardan 5 nəfəri siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülüb. Bir nəfəri öz təşəbbüsü ilə namizədliyini irəli sürüb digəri isə təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülüb. Üç nəfərin sənədlərinə isə MSK-da baxılır. Bizim Seçki Məcəlləsinin tələbinə uyğun olaraq namizəd olmaq istəyən vətəndaşımızın sənədlərinə bir həftə ərzində baxılır. Bir həftədən sonra isə uyğun qərar (ya imzadan imtina olunur və yaxud da namizədliyi təsdiq olunur) qəbul olunur. Hazırda bu proses davam edir.

Qeyd etmək istəyirəm ki, əvvəlki həftə ərzində də müraciət etmiş namizədlərin sənədlərinin yoxlanılması prosesi keçirildi. Proses kifayət qədər aşkar və demokratik şəraitdə keçirilib. Həm imzatoplama, həm də imzaların yoxlanılması kampaniyası kütləvi informasiya vasitələrinin müşahidəsi altında həyata keçirildi. İstər yerlərdə imzatoplama kampaniyasının şəffaf və Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil olunması ilə bağlı görülən işlər, istərsə də MSK-da ekspertlərin uyğun fəaliyyəti kifayət qədər aşkarlıq şəraitində qurulub. İstənilən Azərbaycan vətəndaşı, seçki subyekti, müşahidəçilər, namizədlər, namizədin səlahiyyətli nümayəndələri, KİV nümayəndələri bu prosesi şəffaf izləmək imkanına malikdirlər.

Bütün bunlara baxmayaraq MSK sədri Məzahir Pənahov komissiyanın iclasında da həm jurnalistlərə, həm də seçki subyektlərinə müraciət etdi ki, prosesi izləmək istəyən hər bir vətəndaşa, subyektə o şərait yaradılıb və istifadə edə bilərsiniz. İmztoplama kampaniyası boyunca bir dəfə də olsun MSK-ya hansısa müraciət, şikayət və bu istiqamətdə narazılıq ifadə edə bilən müraciət daxil olmayıb. O cümlədən imzaların yoxlanılması kampaniyasında kifayət qədər mətbuatın, namizədlərin, namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakına şərait yaradıldı. Xüsusilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndəsi həmin prosesləri izlədi. Təbii ki, proses bu gün də davam edir.

- Ümumiyyətlə seçkinin demokratik və şəffaf keçirilməsində medianın rolunu necə qiymətləndirirsiniz?

- Mən seçkinin demokratik və şəffaf keçirilməsində medianın rolunu kifayət qədər müsbət qiymətləndirirəm. Əvvəla Azərbaycan mediası Azərbaycan dövləti qədər gəncdir və yaxşıda inkişaf edib. Əvvəlki illərlə müqayisədə bu il biz medianın daha aktiv və şəffaf fəaliyyətini görürük. Bizim əvvəlki birgə fəaliyyətimizdə müəyyən ürəkaçmayan nüanslar var idisə, eləcə də mediada öz hüququndan, səlahiyyətindən kənar meyllər hiss edirdiksə son illər ərzində bu tamamilə gündəlikdən çıxıb. Media artıq öz işi ilə məşğuldur və prosesi işıqlandırmaq kimi özünün əzəli bir funksiyası var. Hazırda onu həyata keçirməklə məşğuldur. Təbii ki, bizim də vəzifəmiz media ilə Seçki Məcəlləsinin tələbinə uyğun olaraq bu əlaqəni düzgün qurmaqdır. Bizim yaxşı işimizi və işimizin qanunauyğunluğunu qiymətləndirmək üçün gərək bunu kimsə ictimaiyyətə çatdırsın. Burada da əsas funskiyanı KİV-lər və bizim müşahidəçilər həyata keçirirlər. Hesab edirəm ki, MSK KİV-lə çox yüksək səviyyədə iş qurub.

Bildiyiniz kimi MSK Avropada az instutlardan biridir ki, bütün iclasları, rəsmi toplantıları mətbuata açıqdır və onun iştirakı ilə keçirilir. Hesab edirik ki, bu cür qarşılıqlı anlaşma dövlətimiz, xalqımız naminə birgə fəaliyyət bizi yaxşı nəticələrə aparacaq. Bu günə qədər media orqanının MSK-ya hansısa şikayətini də eşitməmişik. Biz KİV-ə minnətdarıq ki, ötən bir ay ərzində bizim keçirdiyimiz tədbirlərdə demək olar ki, fasiləsiz iştirak ediblər. Bildiyiniz kimi biz müxtəlif istiqamətlərdə maarifləndirmə tədbirləri keçiririk. Bizim bu maarifləndirmə tədbirlərinin hamısını KİV ictimaiyyətə çatdırır. Biz hesab edirik ki, seçkinin demokratikliyini təmin edən əsas elementlərdən biri KİV-lə qurulan işin necəliyindən asılıdır.

- Mütəmadi olaraq müxtəlif ölkələrdə seçki prosesini müşahidə edirsiniz. Müşahidə etdiyiniz seçkilərlə müqayisədə Azərbaycandakı seçkilər necə görünür?

- Əvvəla onu deyim ki, bu müşahidəçilik məsələsi kifayət qədər aktualdır. Biz də MSK olaraq bu istiqamətdə demək olar ki, əksər Şərqi Avropa ölkələri, keçmiş post-sovet ölkələri ilə sıx işləyirik və onların seçkilərini müşahidə edirik. Təbii ki, Azərbaycanda keçirilən seçkilərdə də biz onları dəvət edirik. Hesab edirik ki, bu cür qarşılıqlı müşahidələrin aparılması ümumi işin inkişafına yəni ölkələrdə seçkinin demokratikləşməsinə, onun ictimai şüurda oturuşmasına yol açan bir prosesdir. Biz dəfələrlə görmüşük ki, dövlətlər marağında olublar ki, xarici dövlətlərin istər parlamenti səviyyəsində, istərsə də MSK səviyyəsində müşahidəçilər iştirak etsinlər. Biz bu seçkilərə demək olar ki, xeyli əməkdaşlıq etdiyimiz Mərkəzi Seçki Komissiyalarını dəvət etmişik. Bizim müxtəlif formada istər Avropada, istərsə də MDB məkanında ayrı-ayrı seçki komissiyaları ilə birgə tədbirlərimiz də keçirilir. Təbii ki, müşahidəçiliyi biz bir yerdə aparırıq. Bildiyiniz kimi MDB-nin Parlament Assambleyası MDB məkanında keçirilən seçkilərdə həmişə xüsusi rəylə çıxış edir.

- Beynəlxalq təşkilatların ölkəmizdəki seçkilərə marağı hansı səviyyədədir?

- Avropa məkanında keçirilən seçkilərdə bir qayda olaraq kollektiv müşahidəni həyata keçirən beynəlxalq təşkilat - ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosudur ki, artıq onlarla da MSK əməkdaşlığını qurub. Onlar artıq ölkəmizdədirlər. MSK 21 nəfər beynəlxalq müşahidəçini qeydə alıb. Bunlar 10 nəfərlə uzunmüddətli müşahidə missiyasını həyata keçirəcəklər. Seçki günü isə 280 müşahidəçi ilə seçkiləri müşahidə edəcəklər. Yəni müşahidə institutunda biz MSK olaraq çox maraqlıyıq. O cümlədən bizim əməkdaşlıq etdiyimiz digər ölkənin MSK-ları maraqlıdırlar ki, yerli və beynəlxalq müşahidəçilər bu proseslərdə iştirak etsinlər. Yəni biz MSK olaraq çalışırıq ki, işimizi seçki qanunvericiliyinin tələblərinə uyğun quraq ki, seçici öz hüquqlarından sərbəst və maneəsiz istifadə edə bilsin. Müşahidəçilik institutu ilə bizim işləmək praktikamız artıq kifayət qədər formalaşıb. Qeyd etmək istərdim ki, müşahidəçi olmaqla bağlı yerli vətəndaşlarımızın müraciəti artıq MSK-ya və Dairə Seçki Komissiyasına (DSK) daxil olmaqdadır. Bu gün MSK-da bütün Azərbaycan Respublikası üzrə müşahidə aparmaq istəyən vətəndaşlardan 400 nəfərə qədəri qeydiyyatdan keçib. 30 mindən artıq vətəndaşımız isə DSK-da qeydiyyatdan keçiblər. Digər müşahidəçiləri həm Azərbaycan Xarici İşlər Nazirliyi, MSK, həm də Milli Məclis dəvət edir. Hazırda proses gedir.

- Qarşıdan gələn prezident seçkilərində namizədlərə təşviqat aparmaqdan ötrü ayrılacaq açıq və qapalı yerlərin sayının əvvəlki seçkilərlə müqayisədə artırılması nəzərdə tutulurmu?

- Əgər bizim namizədlərimiz istəsələr ki, daha əlavə yerlər yaradılsın və onlar seçiciləri ilə görüşsünlər təbii ki, bunu həyata keçirmək olar. Bildiyiniz kimi ötən seçkilərdə bizim bir təşəbbüs var idi ki, seçicilərlə görüş üçün hər bir DSK ərazisində ən azı bir açıq və ən azı bir qapalı məkan olmalıdır. Bu yaxınlarda onların tam siyahısını açıqlayacayıq və mətbuatda bu barədə məlumatlar dərc olunacaq. Amma hansısa namizəd və ya namizədlər istəsələr ki, başqa yerlərdə də onların istəklərinə uyğun seçicilərlə görüş keçirilməsini təmin edək bu da həyata keçirilə bilər. Əsas odur ki, Seçki Məcəlləsinin tələb etdiyi formada bütün namizədlər təşviqatlarını apara biləcəklər. Heç bir maneə olmadan təbliğat-təşviqat işlərini qura biləcəklər. MSK tərəfindən də nə cür köməkliyə ehtiyacları olsa sözsüz ki, o kömək onlara olunacaq. Hesab edirəm ki, Seçki Məcəlləsinin tələb etdiyi formada təşviqat kampaniyası aparmaq gücündəyik və o iradə ortada vardır. Biz onu aparmağa nail olacayıq.