Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya edib AÇIQLAMA

13 Mart 2018 15:13 (UTC+04:00)

“Azərbaycanın sosial iqtisadi inkişaf proqramlarına uyğun olaraq həyata keçirilən layihələrin yerinə yetirilməsi nəticəsində uğurlu naliyyətlər əldə etmişik. Son 10 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard investisiya qoyulmuşdur. Ayrı-ayrı bölgələrdə milli sənaye quruculuğu nəticəsində sənaye məhəllələri yaradılmış və bu proses bu gündə davam edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, ölkəmizdə həyata keçirilən neft, qaz və nəqliyyat sektorunda beynəlxalq layihələrin reallaşması nəticəsində Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya edir: “Ölkə iqtisadiyyatının bir hissəsini təşkil edən kənd təsərrüfatının inkişafına nail olmaq üçün bir çox layihələr həyata keçirilir. Kənd təsərrüfatı təyinatlı torpaqlardan torpaq vergisindən başqa heç bir vergi alınmır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına istifadə etdikləri yanacaq və sürtkü yağlarına görə subsidiyaların verilməsi taxılçılığa marağı artırmaqla yanaşı, bu sahəyə verilən güzəşt və yardımlar kənd əhalisinin torpağa bağlılığını daha da artırdı. Kənd təsərrüfatının ənənəvi sahələrinə taxılçılıq, çəltikçilik, pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, bağçılıq, heyvandarlıq və digər sahələrinə ayrılan subsidiyalar bu sahələrin inkişafına təkan verdi. Taxıl, pambıq istehsalı sürətlə artdı. Aqrolizinqlərin təşkili onların xidmət sahələrinin genişləndirilməsi kənd əhalisinə yaxından köməklik göstərdi.

Bu illər ərzində bir sıra ölkələrdə ticarət mərkəzləri yaradıldı və Azərbaycan brendi adı altında bir sıra məhsullarımız dünya bazarına çıxarıldı. İqtisadiyyatın inkişafı nəticəsində Azərbaycan dünya ölkələri arasında öz möqeyini bir daha möhkəmləndirdi və bir neçə pillə irəli getdi.

Kənd təsərrüfatı məhsullarının dünya standartlarına uyğun istehsalı artdı və ixrac olunmağa başlanıldı. 2017-ci ildə kənd təsərrüfatı məhsullarının ixracından yüz milyonlarla vəsait ölkəmizə daxil oldu. Əhalinin rifah halı daha da yaxşılaşdı. Dövlət büdcəsinə daxilolmalar artdı, bunun nəticəsində əmək haqqlarının artımına səbəb oldu. Əldə olunan naliyyətlər isə ölkə başçısının həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsidir”.