"David Paşayev: qrifsiz "məxfi" kitabının təqdimatı olub SƏS TV

13 Mart 2018 11:54 (UTC+04:00)

Rusiyanın azərbaycanlı Milli Qəhrəmanı haqqında kitab nəşr olunub

Rus Kitab Evində Georgi Zapletinin "David Paşayev: qrifsiz "məxfi" kitabının təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, tədbirdə mərhumun yaxınları, dostları, vaxtilə birgə çaldıqları iş yoldaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə David Paşayevin həyat və fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, David Hüseyn oğlu Paşayev 1940-cı ildə Moskva vilayətinin Ostaşovo kəndində anadan olub. Atası Hüseyn Kazım oğlu Paşayev milliyyətcə azərbaycanlı, anası Varvara Sergeyevna isə rusdur. Onun Rusiya dövləti qarşısında böyük xidmətləri olub. David Paşayev Rusiyanın atom sualtı gəmiqayırma sahəsini dağılmaqdan xilas etmiş azərbaycanlıdır. O, Rusiya dövlət atom gəmiqayırması mərkəzinin baş direktoru və prezidenti, nəhəng "Sevmaş" maşınqayırma zavodunun direktoru vəzifələrində çalışıb. Rusiya Federasiyası Dövlət mükafatının ikiqat laureatdır. Hərbi gəmiqayırma sahəsində xidmətlərinə görə 2 dəfə “İlin adamı” adına layiq görülüb. David Paşayev Qırmızı Əmək Bayrağı ordeninə, 1995-ci ildə Rusiyanın Milli Qəhrəmanı adına layiq görülüb. Rusiyada iki dəfə "İlin Adamı" seçilib.

2010-cu ildə 70 yaşında Moskvada vəfat edib və Severodvinsk şəhər qəbiristanlığında dəfn olunub.

Tədbirdə digər çıxış edənlər yeni kitabla bağlı öz fikir və rəylərini bölüşüblər. O da vurğulanıb ki, David Paşayev istər Rusiya, istərsə də Azərbaycan cəmiyyəti üçün lazımlı və nüfuzu olan böyük insan olub. Onun həyat və fəaliyyəti haqqında geniş məlumatın öyrənilməsi baxımından yeni nəşrin çox böyük əhəmiyyəti var. Kitabın müəllifi Georgi Zapletinə də xüsusi təşəkkür ifadə olunub.