İslamabadda AXC-nin 100 illiyinə həsr olunmuş musiqili gecə keçirilib FOTOLAR

13 Mart 2018 11:48 (UTC+04:00)

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş növbəti “Mədəni Musiqili Gecə” Pakistanın paytaxtı İslamabad şəhərində keçirilib. SİA-nın Pakistandakı səfirliyimizdən aldığı məlumata görə, bu ölkənin xarici işlər nazirinin müavininin, nazirliyin digər məsul şəxslərinin, dövlət rəsmilərinin, Pakistanda yaşayan azərbaycanlıların, xarici ölkələrin Pakistandakı bir çox səfirlərinin, kütləvi informasiya vasitələri və ictimaiyyətin nümayəndələrinin qatıldığı tədbirdə ilk oncə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Qonaqları salamlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə qədim tarix və zəngin mədəniyyətə malik olan, böyük mütəfəkkirlər və incəsənət xadimləri yetişdirən Azərbaycan xalqının dövlət quruculuğu prosesi barədə iştirakçıları məlumatlandırmış, müsəlman Şərqində ilk teatr və operanın məhz Azərbaycanda yarandığını qeyd edib.

O, həmçinin 100 il öncə təsis edilən Azərbaycan Demokratik Respublikasının bir çox mədəni yeniliyə, müasir ideyalara imza atdığını diqqətə çatdırıb. Hazırda multikultiralizm ölkəsi sayılan Azərbaycanın bir çox sahələr üzrə, o cümlədən mədəniyyət sahəsində böyük nailiyyətlər əldə etdiyini bildirən Əli Əlizadə, Azərbaycanın Avroviziya mahnı müsabiqəsi, Mədəniyyətlərarası Dialoq Forumu kimi bir çox beynəlxalq mədəni tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

Azərbaycanda mədəni inkişafın bütün regionları da əhatə etdiyini qeyd edən səfir bunun nəticəsində Azərbaycanın Naxçıvan şəhərinin 2018-ci il üzrə İslam Mədəniyyətinin Paytaxtı, Qəbələ şəhərinin 2020-ci il üzrə İslam Turizm Paytaxtı, Gəncə çəhərinin 2016-cı ildə Avropa Gənclər Paytaxtı elan olunduğunu qeyd edib. Azərbaycan Prezidentinin sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Azərbaycanda və xarici ölkələrdə geniş qeyd olunduğunu bildirən səfir müstəqil Azərbaycanın beynəlxalq və regional səviyyədə mühüm əməkdaşlıq münasibətləri qurduğunu, oxşar mədəni dəyərlərə və ortaq bağlara sahib olan Azərbaycan və Pakistan arasında səmimi və dərin qardaşlıq əlaqələrinin bərqərar edildiyini və ilbəil möhkəmləndiyini vurğulayıb.

Tədbirin ali qonağı, Pakistan Baş nazirinin hüquqi məsələlər üzrə xüsusi köməkçisi, dövlət naziri Zəfərulla Xan mədəniyyət ocaqlarından biri olan Azərbaycanın tarixən böyük dahilər, filosoflar yurdu olduğunu qeyd edərək, dünya fəlsəfəsi və ədəbiyyatı tarixinə öz möhürlərini vurmuş Nizami Gəncəvi və Şəms Təbrizinin yalnız Azərbaycan və Yaxın Şərqdə deyil, eyni zamanda Mərkəzi və Cənubi Asiyada da sevilərək oxunduğunu bildirib. Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi münasibəti ilə təbriklərini çatdıran dövlət naziri möhkəm təməllər üzərində bərqərar edilmiş Azərbaycan-Pakistan qardaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Nitqlərdən sonra, Azərbaycanın əməkdar artisi Mübariz Əsgərov, Azərbaycan Televiziyasının solisti Nigar Şabanova, Azərbaycan Dövlət Filarmoniyasının solisti Fəxri Nicat Kazım Azərbaycan xalq mahnıları və nəğmələrini, habelə dünya musiqisinin tanınmış musiqi əsərlərini ifa ediblər. Tədbirə həmçinin dəvət olunmuş çinli müğənni, Pakistanın müğənni və musiqi qrupları da öz ifalarını təqdim ediblər.

Şam ziyafəti ilə müşayiət olunan “Mədəni Musiqili Gecə” təşrif buyuranlar tərəfindən böyük maraqla qarşılanmış və Pakistan televiziyalarında da geniş işıqlandırılıb.