Xuraman: "Bayağı mahnıların qarşısı alınmalıdır" AÇIQLAMA

13 Mart 2018 11:29 (UTC+04:00)

Şairə Xuraman Vəfa bayağı mahnılar və onların ifaçılarını kəskin tənqid edib. Bu barədə SİA-ya danışan şairə xanım bildirib ki, akademik mahnılar itmək üzrədir. “Musiqimizə, mahnılarımıza baxsaq görərik ki, böyük bir uçurumun kənarındayıq. Xalqın zövgünü məcbur şəkildə korlayanlar var. Bizim kamanımız, tarımız, tütəyimiz, balabanımız var. Necə ki müğənni oxuyur, alətlər də onu ifadə etməlidir. Musiqi alətlərimiz bir sintezatorla əvəz edilib. Son zamanlar musiqi bəstələnmir. Mən deyərdim bəstəkarlarımızın çoxu incəsənətdən küsüb. Müğənnilər elə bəstəkarlara üz tuturlar ki, insan deməyə söz tapmır. İndi hər kəs öz kitabını oxuyur, hərə öz havasında oynayır. Sənəti öldürən insanlar əslində xalqın düşmənidir. Bizim incəsənətimizə düşmən kəsiliblər. Milli əsərlərimizi guya sintez edib Avropaya çatdırırlar. Xalq mahnılarımızı bərbad günə qoyurlar. İllər öncə televiziya kanallarında bəstəkarlar birliyinin özündə senzuralar var idi. Hər mahnılar qəbul olunmurdu. Bu problem Azərbaycan Bəstəkarlar İttifaqı səviyyəsində də həll olunacaq bəla deyil. Bu gün hamı bəstəkar, şair olub. Müğənni həm bəstəkardır, həm musiqiçidir, həm də söz yazarıdır. Nə qədər ki, bu fəlakət qarşımızda duracaq, bizimlə bir addımlayacaq sənətimizdə irəliləyiş olmayacaq. Bu bayağı mahnılar insanların zövgünü korlamaqla yanaşı həm də əxlaqi cəhətdən kasıbdır. Xalqın əxlaqını korlayan mahnılardır. Həmin sənətdən xəbəri olmayanlar ən böyük konsert salonlarında konsert verirlər. İllər öncə hər adam Heydər Əliyev Sarayında konsert verə bilməzdi. İndi yerindən duran ifaçı həmin salonda konsert verir”.

Xuraman xanım eyni zamanda bayağı mahnıların yayılmasında bölgələri günahlandıranlara da cavab verib. Bildirib ki, bölgələrimizdə kifayət qədər ziyalı, zövglü insanlar var: “Gəlin, heç də uzaq olmayan tarixə nəzər salaq. Şəfiqə Axundova Şəkidən, Üzeyir Hacıbəyov Şuşadan gəlib. Bu siyahını uzatmaq da olar. Problemi bölgələrin üzərinə atıb o insanları günahlandırmasınlar. Tariximizə, ədəbiyyatımıza, kinolarımıza, musiqimizə nəzər salsaq görərik bölgələrdən necə nəhəng sənətkarlar çıxıb. Odur ki, hər bir müğənni ifa etdiyi mahnının sözlərinə və musiqisinə diqqət etməlidir. Onu da qeyd edim ki, bu cür mahnıların təbliğatı təkcə televiziya və radiolarda aparılmır. Restoranlar, alış-veriş mərkəzləri və digər ictimai yerlərdə bayağı mahnılar təbliğ olunur. Bunların qarşısı alınmalıdır".