"Mətbuat milli dəyərlərimizi, milli rəmzlərimizi müdafiə etməlidir"

13 Mart 2018 10:59 (UTC+04:00)

Azərbaycan mətbuatı mürəkkəb, lakin şərəfli inkişaf yolu keçərək, bütün zamanlarda xalqımızın şanlı tarixinin güzgüsü olub və bu gün də belədir. Bu ənənə yeni çalarla yaşayır və davam etdirilir. Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlər daha geniş şəkildə bərqərar olub, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqları möhkəmlənib, Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atıb. Belə bir zamanda Azərbaycan jurnalistlərinin VII qurultayı keçirildi. 166 üzv təşkilatdan 241 nümayəndənin iştirak etdiyi qurultay ötən VI qurultayından bu dövrə qədər nailiyyətlər və uğurlar əldə edib. Ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyətinə və jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanları yaradılıb. Ölkəmizdə mətbuata göstərilən dövlət qayğısının davamlı və sistemli olması, KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi, möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirən ardıcıl və məqsədyönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır. Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi, jurnalistlərin mənzil-məişət probleminin həlli istiqamətində görülən işlər və s. kütləvi informasiya vasitələrinə ayrılan diqqətdir. Bütün bunlar, həm də təsdiqləyir ki, Azərbaycan dövləti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısıdır və bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsidir.

Milli mətbuata olan yüksək dövlət münasibəti və qayğı nəticəsində formalaşma və inkişaf prosesində bir sıra təbii və süni maneələrlə üzləşmiş azad, demokratik mətbuatımız cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa nail olub. Hansı cəmiyyət özünü demokratik görmək istəyirsə, demokratik dəyərlərə yiyələnmək istəyirsə, mətbuatın inkişafına diqqət yetirməlidir. Məhz bu baxımdan da, bu gün ölkəmizdə mətbuata, söz azadlığına böyük diqqət və qayğı göstərilir. Bütün sahələrdə olduğu kimi, milli mətbuat da diqqətdə saxlanılır və həssaslıqla yanaşılır. Təbii ki, respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Qurultayda çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov müasir dövrümüzdə cəmiyyətdə baş verən hadisələrin, obyektiv olaraq işıqlandırılmasında jurnalistlərin üzərinə məsuliyyət düşdüyünü vurğulayıb. Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu demokratik media ənənələrinin Azərbaycanda uğurla inkişaf etdiyini bildirərək, ölkəmizdə jurnalistika ilə hakimiyyət arasında gözəl tərəfdaşlıq mühitinin yarandığını vurğulayıb: "Bunun nəyi pisdir?" - deyərək Azərbaycan dövlətinin vergi ödəyicilərinin və Azərbaycanın milli sərvətlərinin verdiyi imkanlardan onun yaradıcı insanlarının, akademikinin, sənət adamlarının, Azərbaycan cəmiyyətində yaxşı nümunələr formalaşdıran jurnalistikanın və digər kateqoriyadan olan insanların maliyyələşməsi, maddi-mənəvi tələbatının ödənilməsi üçün istifadə etdiyini bildirərək, bunu təəssüf ki, qəbahət hesab edənlərin də olunduğunu bildirib: "Bu məsələdə opponentlik etmək istəyənlərə qarşı siz öz münasibətinizi sərgiləyə bilərsiniz. Nəyə görə öz dövlətindən, milli sərvətindən aldığın pay qəbahət sayılmalıdır, amma anti-Azərbaycan fəaliyyəti, sizi dövlətinizə, millətinizə qarşı qoymaq cəhdləri ilə Azərbaycana yönələn xarici qrantlardan maliyyələşmək və yaxud da bəhrələnmək normal hal hesab olunmalıdır? Baxın, bu gün sizi ittiham edənlər özləri hansı mənbədən maliyyələşirlər".

XARİCİ ÖLKƏLƏRİN MÜVAFİQ ORQANLARI QARŞISINDA ÖHDƏLİKLƏRİ OLANLAR AZƏRBAYCAN DÖVLƏTİNƏ QARŞI ÇİRKAB YAĞDIRIRLAR

Bu gün diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub- saxlanması və təbliğində mühüm rol oynamalıdır. Ölkəmizə qarşı çirkin kampaniya aparanlara layiqli şəkildə cavab verilməlidir. Mütərəqqi dəyərlər əsasında inkişafda olan Azərbaycan mətbuatına qarşı heç bir qadağa qoyulmur və güc işlədilmir. Bu sahənin inkişafına qayğı gündən-günə artırılır. Əli Həsənov jurnalistlərin kənar təsirlərə məruz qalmayaraq, onlara opponent kimi baxmağı, onların hansı formada öz fikirlərini, nifrətlərini ifadə etmələrindən asılı olmayaraq, Azərbaycan xalqına, jurnalistinə uyğun bir formada cavab verməyi və haqqlarını qorumağı bildirib. Prezidentin köməkçisi, bu günün hadiəslərinə nəzər salaraq, ölkədən qaçan bəzi şəxslərin bu gün Azərbaycanın rəmzlərini təhqir etdiklərini də diqqətə çatdırıb: "Həmin şəxslərə olduqları xarici ölkələrin pasportları verilərək, Azərbaycana qarşı təlimatlandırılırlar. Xarici ölkələrin müvafiq orqanları qarşısında öhdəlikləri olanlar Azərbaycan dövlətinə qarşı çirkab yağdırırlar. Azərbaycan mətbuatında isə bir susqunluq var. Buna jurnalistlər xüsusi diqqət yetirməlidirlər. Mətbuat milli dəyərlərimizi, milli rəmzlərimizi müdafiə etməlidir. Azərbaycanı təhqir edən insanlardan valideynləri də imtina ediblər. Həmin adamlar "Facebook"un imkanlarından istifadə edərək, Azərbaycana qarşı irinli çirkab yağdırırlar. Həmin adamlara qarşı müqaviməti, ilk olaraq media göstərməlidir.". Təbii ki, müasir dövrdə müəyyən maraqlara xidmət edən və xüsusi dairələrin sifarişi ilə fəaliyyət göstərənlər Azərbaycana qarşı qərəzli mövqenin ifadəçiləridirlər. Asılılıq onları belə çirkab əməllərə sövq edir.

AZƏRBAYCAN JURNALİSTİKASI OBYEKTİVLİK, QƏRƏZSİZLİK VƏ VƏTƏNPƏRVƏRLİK PRİNSİPLƏRİNƏ ƏMƏL ETMƏLİDİR

Qurultayda Mətbuat Şurasının reket nəşrlərlə bağlı "qara siyahı" hazırladığını diqqətə çatdıran Ə.Həsənov reket nəşrlərdə çalışanların olan və olmayan kompromatları toplayıb, insanları şantaj etməyin yaxşı hal olmalığını bildirib:

"Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram. Mətbuat Şurası qəbul etdiyi etik normaları müdafiə etməlidir. Hesab edirəm ki, "Mətbuat Şurası haqqında" qanunun qəbul edilməsinin zamanı çatıb".

Ölkəmizdə mətbuatın müstəqilləşməsi, obyektivlik və tərəfsizlik nümayiş etdirməsi, qərəzdən-böhtandan uzaq olması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşması ilə bağlı ciddi addımlar atılıb. Bütün görülən işlərin, məntiqi nəticəsi olaraq, artıq Azərbaycan mediası müasir dövrün tələblərinə uyğun inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan jurnalistikası obyektivlik, qərəzsizlik və vətənpərvərlik prinsiplərinə əməl etməlidir. Mətbuat işçilərinə göstərilən diqqət jurnalistlərin üzərinə böyük məsuliyyət qoyur. Hər bir mətbuat işçisi istənilən vəziyyətdə məsuliyyət hissini itirməməlidir.

Nəzakət ƏLƏDDİNQIZI