Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkədir

12 Mart 2018 18:28 (UTC+04:00)

Ötən il Gürcüstan iqtisadiyyatına 1 milyard 861,9 milyon dollar həcmində xarici investisiya qoyulub. Bunun da 482,1 milyon dolları və ya 25,9 faizi Azərbaycanın payına düşür. SİA-nın verdiyi məlumata görə, Azərbaycan bu göstərici ilə Gürcüstan iqtisadiyyatına sərmayə qoyan xarici ölkələr sırasında birinci yerdədir.

2017-ci ildə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi də 17 faiz artıb.

Azərbaycan 2012-ci ildən 2017-ci ilin sonunadək Gürcüstan iqtisadiyyatına 3 milyard ABŞ dolları investisiya yatırıb və bu göstəriciyə görə ölkəmiz 2012-ci ildən 1-ci yerdədir.

Gürcüstana ən çox investisiya qoymuş ölkələrin ilk beşliyində Azərbaycandan sonra Türkiyə (279 milyon dollar), Böyük Britaniya (250,4 milyon dollar), Niderland (224,3 milyon dollar) və Çex Respublikası (133,8 milyon dollar) daxildir.

2017-ci ildə Gürcüstanda xarici investisiyalar ən çox nəqliyyat və rabitə, maliyyə, tikinti, energetika və daşınmaz əmlak sektorlarına yatırılıb.

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin də sayında artım qeydə alınıb. Bu gün Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydə alındığı halda, Gürcüstandakı Azərbaycan şirkətlərinin sayı 1300-ə yaxındır.

Azərbaycanın SOCAR şirkəti Gürcüstanda ən uğurla fəaliyyət göstərən xarici şirkətlərdən biridir.