Moldovanın Ədliyyə naziri istefa verib

11 Mart 2018 23:06 (UTC+04:00)

Moldovanın Ədliyyə naziri Aleksandr Tenase maliyyə cinayətkarlığı ittihamı ilə həbs olunan iş adamı Vyaçeslav Platonla aralarında 3 il əvvəl baş tutan telefon danışığının yayımlanmasından sonra meydana gələn qalmaqala görə istefa verib.

Bu barədə Feysbuk hesabında yazan nazir atdığı addıma səbəb kimi ona olan etimadın azalmasını göstərib.

“Göstərilən etimad təhlükə altında olanda, hər hansı təşəbbüsün nə qədər yaxşı olursa olsun, nəticə vermir. Belə bir vəziyyətdə ən düzgün qərar istefaya getməkdir”, - nazir bildirib.

Qeyd edək ki, qalmaqala səbəb Aleksandr Tenase ilə Vyaçeslav Platon arasında ölkədə qəbul edilən banklar haqqında qanunun müzakirəsi olub. Müzakirə zamanı ölkənin 3 aparıcı bankından bir milyard vəsaitin oğurlanması barədə fikirlərini bildirən Platon oğurluqda hakim partiya üzvlərinin əli olduğunu açıqlayıb.