Sosial mediada yalan xəbərlər daha sürətlə yayılır

10 Mart 2018 18:12 (UTC+04:00)

“Twitter” sosial şəbəkəsi və Massaçusets Texnologiya İnstitutu xəbərlərin yayılması ilə bağlı geniş miqyaslı tədqiqat aparıblar. Anadolu informasiya agentliyi xəbər verir ki, tədqiqat çərçivəsində 2006-2017-ci illərdə “Twitter” sosial şəbəkəsində yer alan yüz minlərlə xəbər araşdırılıb.

“Journal of Science” jurnalında dərc olunan araşdırmanın nəticələri həmin müddət ərzində 126 min yalan informasiyanın təxminən 3 milyon nəfər tərəfindən yayıldığını və yalan informasiyanın istifadəçilər tərəfindən paylaşma ehtimalının 70 faiz yüksək olduğunu göstərib.

Bundan başqa, doğru xəbərlərin 1500 nəfərə çatma sürətinin yalan xəbərdən 6 dəfə daha ləng olduğu müəyyən edilib. Mütəxəssislər bunun səbəbini yalan xəbərlərin “daha fantastik və şokedici olması” ilə əlaqələndirirlər.