MSK-da ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri ilə görüş olub

9 Mart 2018 19:13 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov martın 9-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşüb. SİA-ya Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, sədr Məzahir Pənahov müşahidə missiyasının rəhbərini və üzvlərini salamlayaraq MSK-da keçirilən görüşdən məmnuluğunu bildirib, görüş üçün təşəbbüsü yüksək qiymətləndirib.

Səmimi qəbula görə MSK sədrinə minnətdarlıq edən ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri Korin Yonker müşahidə missiyası barədə məlumat verərək bildirib ki, onlar seçkiqabağı və səsvermə günü proseslərini müşahidə edəcəklər. Sonra müşahidə missiyasının üzvləri 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqlarla maraqlanıblar.

Sədr Məzahir Pənahov seçkilərin yüksək səviyyədə hazırlanıb şəffaf və ədalətli keçirilməsi istiqamətində görülmüş işlər və MSK-nin genişmiqyaslı maarifləndirmə proqramı barədə danışaraq ölkə vətəndaşlarının seçmək və seçilmək hüquqlarının azad və sərbəst şəkildə təmin olunması üçün Komissiyanın fəaliyyəti və gerçəkləşdirilən çoxsaylı layihələri müşahidə missiyası üzvlərinin diqqətinə çatdırıb və bildirib ki, bütün addımlar tam şəffaflıq şəraitində atılır.

Rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman açıq olduğunu diqqətə çatdıran sədr Məzahir Pənahov həmçinin qeyd edib ki, hazırda MSK-da peşəkar işçi qrupu təqdim olunmuş imza vərəqələrini və digər seçki sənədlərini yoxlayır. İctimaiyyətə tamamilə açıq olan yoxlama prosesi siyasi partiyaların, prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri və kütləvi informasiya vasitələri tərəfindən mütəmadi şəkildə izlənilir. M.Pənahov digər beynəlxalq təşkilatlarla yanaşı, seçki müşahidə missiyasının üzvlərini də istədikləri vaxt həm imza vərəqələrinin yoxlanılmasında, həm də seçkilərlə bağlı ümumiyyətlə hər hansı istənilən digər proseslərdə yaxından iştirak etməyə dəvət edib. MSK sədri hətta onu da bildirib ki, yoxlama davam edir və hal-hazırda istənilən digər maraqlı şəxslər kimi, onlar da bu prosesin gedişini birbaşa izləyə bilərlər.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.