Müxalifətdə at izi eşşək izinə qarışıb

2 Mart 2018 13:43 (UTC+04:00)

Məsəl var deyərlər: "Qanmazı qandırınca, özün anlamaz olarsan". Sanki atalar bu məsəli beyinlərində, düşüncələrində formalaşdırıb, cəmiyyətə ixrac edən zaman indiki müxalifət partiya sədrlərini nəzərdə tutublarmış. Doğrudan da, çirkab içində olan Azərbaycanın dağıdıcı müxalifətinə o söz, o məsələhət qalmayıb ki, xalqın maraqlarına uyğun siyasət yürüdün, xarici maraqlı qüvvələrin tapşırıq və göstərişlərinə əsasən, dövlətə qarşı pozucu və təxribatçı siyasət aparmayın. Amma nə fayda ki, elə bil bu deyilənlər müxalif partiya sədrlərinə deyil, daşa-qayaya deyirsən, nəticəsi olmur.

Simasızların siması fərqli ola bilməz

Müxalifətin aparıcı simaları hesab olunan partiya sədrləri öz yarıtmaz və ağılsız siyasətlərini davam etdirirlər. Xarici maraqlı qüvvələrin, məkrli fondların sifarişinə uyğun olaraq, sabitlik adası hesab olunan Azərbaycanda qarışıqlıq yaratmağa və ictimai-siyasi sabitliyi pozmağa cəhdlər edirlər. Aradabir saxta partiya vəsiqələri verib mühacir statusu verdikləri xaricdəki satqın və xəyanətkar meyilli ünsürləri də öz zibillərinə şərik edərək, şər-şəbədə layihəsi həyata keçirirlər. Söz yox ki, bu, birbaşa erməni marağına və erməni kəşfiyyat orqanlarının Azərbaycana qarşı anti-təbliğat kampaniyasına işləyir. Səbəbsiz yerə deyil ki, bu gün Ermənistan mətbuatının Azərbaycana qarşı şərəfsizcəsinə aparılan qarayaxma fəaliyyətində əsas istiqamətverici təbliğat vasitəsi Orduxan Temirxan kimi sapı özümüzdən olan baltaların sərsəm bəyanatlarından və videogörüntülərindən istifadə edirlər.

Leyla Yunus gülə-gülə: "Bu, mənlik deyil"

Və yaxud məlum cinayətlərindən qorxaraq, xaricə qaçıb gizlənən Leyla Yunus Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə Azərbaycan xalqı əleyhinə hədyanlar danışıb. "Siz Xocalı vəhşiliyindən söz açmadınızmı" sualına utanıb-çəkinmədən L.Yunus gülə-gülə, "bu, mənlik deyil" cavabını verib. Belələrinə azərbaycanlı demək nə dərəcədə mümkündür? Təbii ki, heç vəchlə bu kimi satqın və xəyanət yolu tutan simasızlara azərbaycanlı adını vermək mümkünsüzdür. Düzdür, deyilə bilər ki, günah ilana ağı verəndədir. Yəni xaricdə oturub Azərbaycan əleyhinə qərəzli fəaliyyət yolu tutanlar, onları təlimatlandıran Əli Kərimli, İsa Qəmbər və Arif Hacılı kimi cəmiyyətdə nifrət obyekti olan partiya sədrləridir. Haqlı olaraq, ictimaiyyət Orduxan kimi dələduzların fəaliyyətinə qəti etirazlarını bildirən zaman "Milli Şura", AXCP, Müsavat yetkililəri narahat olmağa başlayırlar. Hətta "Milli Şura"nın sədri Cəmil Həsənli O.Temirxanın ifşa olunmasına dözümsüz yanaşaraq, onun müdafiəsinə qalxıb. İddialar və lüzumsuz fikirlər irəli sürərək, O.Temirxanın ictimai rəydə qınaq obyekti olmasından hakimiyyətə yaxın mətbu orqanların rolu olduğunu bildirib. "Görünən dağa nə bələdçi?" Əgər O.Temirxan və bu kimi şəxslər cəmiyyətin gözü qarşısında ermənipərəst qüvvələrə işlədiklərini nümayiş etdirirlərsə, bunu mətbuat müstəvisində insanlara çatdırmağa nə ehtiyac duyula bilər ki?

"Gücləri olsaydı, seçkiyə qatılardılar"

Hazırkı məqamda bütün güc və imkanları ilə cəmiyyətdə qarışıqlıq yaratmağa çalışan dağıdıcı müxalif ünsürlər bunun üçün müxtəlif vasitə və üsullardan istifadə edirlər. Həmin üsullardan biri də özünü doğrultmadığı sübuta yetirilən mitinq vasitəsidir. "Milli Şura" müxalifət partiyalarına müraciət edərək, martın 10-da mitinq keçirməyi təklif edib. Ancaq Müsavat istisna olmaqla, digər müxalifət partiyaları aksiyaya qoşulmayacaqlarını bildiriblər. "REAL" təmsilçisi Natiq Cəfərli təşkilində iştirak etmədikləri mitinqə qatılmayacaqlarını qeyd edib.

Onu da bildirib ki, hazırkı mərhələdə aksiyaların uğurlu alınacağı inandırıcı deyil. ADP sədri Sərdar Cəlaloğlu da müxalifətin keçirməyi planlaşdırdığı mitinqin baş tuta biləcəyinə şübhə ilə yanaşdığını söyləyib. Bildirib ki, əgər "Milli Şura"nın və Müsavatın gücü olsaydı, seçkiyə qatılardılar. Eləcə də, "Ümid", KAXCP, "Azadlıq", "Aydınlar", ALP, AMİP və digər partiyalar da "Milli Şura"nın mitinqinin iştirakçısı olmayacaqlarını bəyan edib. Yalnız Müsavat "Milli Şura"nın planlaşdırdığı mitinq şousuna qatılmaq niyyətində olduğunu bildirib. Ancaq hadisələrə və araşdırmalara əsasən, demək olar ki, Müsavatın "Milli Şura"nın aksiyasına qoşulması arzuların reallaşması olmayacaq. Çünki ictimai rəydə müxalifətə qarşı sərt etiraz mövcuddur. Bunun da kökündə yuxarıda qeyd etdiyim səbəblər dayanır. Bu və ya digər amillərə əsaslanaraq, əminlik demək olar ki, "Milli Şura"nın mitinqi iflasa uğrayacaq.

İ.ƏLİYEV