Məndən demək...

1 Mart 2018 18:32 (UTC+04:00)

Oturub-durub ha fikirləşirəm, bir yana çıxa bilmirəm. Deyirəm, öz aramızdı, bizim bu dağıdıcı müxalifətin acınacaqlı duruma düşməsinin kökündə bugünkü anormal fəaliyyətləri dayanmır. Bu yazıqlar elə yaranan gündən özlərinin fəaliyyətsizliyi, səriştəsizliyi, insanların maraqlarına cavab verə bilməyən, öz içlərində normal dəyişikliklər aparmaq bacarıqlarının olmaması üzündən acınacaqlı duruma düşüblər. Elə bu və ya bir çox səbəblərdəndir ki, bu ağıldankəmlər uzun illərdir, bütün seçkilərdə uduza-uduza qalıblar.

Görən bunlar hələ də dərk etmirlər ki, meydanda bir özlərindən, bir ailə üzvlərindən, üç-beş dostlarından, qohum-əqrəbalarından başqa heç kəs yoxdur? Günü-gündən ələnərək, partiyadaşlarının azalan sayının səbəbini niyə özlərində axtarmırlar? Bunların işi-peşəsi ancaq hakimiyyəti tənqid etməkdir, hələ bir gör, nə qədər ağızbəhəm ediblər ki, aradabir təhqir və şantaja da əl atırlar?! Adama deyərlər, bu illər ərzində xalqın diqqətini çəkməkdən ötrü hansı bir iş görmüsünüz? Sualım da lap gülünc çıxdı, nə bacarırlar ki, nə də edələr. Elə buna görə də, cəmiyyətdə qəbul olunmurlar, amma di gəl ki, bununla da barışmırlar. Xalq isə bütün bunları gördüyündən, onlara nifrət bəsləyir, pozucu əməllərini tənqid edir. Ona görə də, müxaliflər ilbəil daha acınacaqlı və rüsvayçı vəziyyətlə üzləşir və sosial bazalarını itirirlər. Hətta bu səbəbdən, demək olar ki, dağıdıcı ünsürlərin yalnız partiyaların və onların ləkəli olan sədrlərinin adları qalıb.

Bu faktın mövcudluğu fonunda utanmadan küçələrə çıxıb, guya birlikdə olduqlarını nümayiş etdirməyə çalışırlar, di gəl ki, onu da bacarmırlar. Çünki hər dəfə meydana yığılan beş-üç nəfər ancaq eyni simalar olur. Özləri də gözəl başa düşürlər ki, artıq yox səviyyəsindədirlər. Sadəcə, ən azı, mətbuatın diqqətini özlərinə cəlb etmək üçün ara-sıra boş qazan kimi danqıltı salıb, baş aparırlar. Əsasən də, xarici havadarlarının çaldığı musiqi sədalarına oynayırlar. Hələ də bəzi anti-Azərbaycan qüvvələr onlardan bir alət kimi istifadə edir. Bunu bilsələr də, fərqində deyillər. Çünki qarşılıq öhdəliyin tələbləri belədir, iş gör, pul əldə et. Ümumiyyətlə, xaricdəki havadarlarına yalmanmasalar, ayaqda qala bilməzlər. Öz aramızdı, artıq xaricdəki qüvvələr də qanırlar ki,

Azərbaycanda məkrli niyyətlərini həyata keçirmək mümkünsüzdür. Atalar demiş, "keçinin buynuzu qaşınanda, başını çobanın çomağına sürtər". Onlar da yaxşı bilirlər ki, Azərbaycanla ya dost olmaq lazımdır, ya da bizə qarşı təzyiq etməyin heç bir adı yoxdur. "Saqqalım yoxdur, sözüm keçmir". Biri bu müxalifətə başa salsın ki, Kərbəlayi demiş, "ağıllarını başlarına yığıb, keçsinlər bu tərəfə". Əminliklə deyirəm ki, xaricdəki havadarları dağıdıcı müxalif məxluqlara yardımları kəssə, o zaman müxaliflər birdəfəlik olaraq, tarixdən silinəcəklər, onsuz da, silinmək üzrədirlər. Məndən demək...

AFƏT