Əli Kərimli İsa Qəmbərin xəstəliyindən necə istifadə edir?

28 Fevral 2018 13:50 (UTC+04:00)

Yaxud AXCP və "Milli Şura" rəhbərliyinin sabiq başqanı ziyarət etməmələrinin səbəbləri bəlli oldu

Bu günlərdə bəlli olub ki, "Milli Strateji Düşüncə Mərkəzi"nin sədri, Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər müayinə olunmaq üçün Türkiyəyə gedəcək. O, ürəyindən ağır əməliyyat keçirib və sonradan evə buraxılsa da, fevralın 23-də yenidən Mərkəzi Klinikaya yerləşdirilib. Daha dəqiq desək, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranmışdı və Mərkəzi Klinikaya yerləşdiririlmişdi. Müayinələr nəticəsində "MSDM" sədrinin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stendlər qoyulub.

Cəbhəçilər İsa Qəmbərin ağır xəstəliyini narazı müsavatçıların ona etdikləri qarğışının nəticəsi kimi qiymətləndirirlər?

Bu məsələ ətrafında maraqlı amillərdən biri də budur ki, Müsavatın sabiq başqanını bir sıra müxalifətçi partiya sədrləri ziyarət etsələr də, AXCP və "Milli Şura" rəhbərliyi bu addımı atmayıb. Buna səbəb isə uzun illər şəxsi və siyasi müstəvidə olan düşmənçilik faktorlarıdır ki, Əli Kərimlidə püskürmək həddinə çatan kin bu gün də qalmaqdadır. Hətta İ.Qəmbər xəstəxanaya yerləşdirilib, əməliyyat olunduqdan sonra, Ə.Kərimlinin sosial şəbəkələrdə yerləşdirdiyi söyüş qrupu müsavatçıları məsxərəyə qoyan ifadələr yazır, xüsusilə, hazırkı başqan A.Hacılıya xitab edərək, İ.Qəmbərin Müsavat partiyasında qazandığı qarğışlar nəticəsində bu vəziyyətə düşdüyünü qeyd edib. Hətta vəziyyət o həddə çatıb ki, müsavatçılar da sosial şəbəkələrdə "cavab atəşi" şəklində tezliklə Ə.Kərimlinin daha betər xəstəliyə düçar olacağını hiddətlə bildiriblər.

İsa Qəmbər deyil, Əli Kərimli bənzər xəstəliyə mübtəla olsaydı, eyni addımı müsavatçılar atacaqdı

Digər nüans baş verənlərin zamanında hər iki "ana müxalifət" iddiaçısının bir-birlərinə qarşı barışmaz münasibətləridir. Misal üçün, əgər İ.Qəmbər deyil, Ə.Kərimli bənzər xəstəliyə mübtəla olsaydı, eyni addımı müsavatçılar atacaqdı. Yəni hər iki partiya rəhbərliyi arasında uzun illərdən bəri davam edən gizli və açıq savaşların nəticəsi də belə qənaətə gəlməyə əsas verir.

Beləliklə, seçkilər öncəsi İ.Qəmbərin ağır xəstəlik keçirməsi, ardınca isə, əməliyyat olunması və hazırda da səhhətinin ağır vəziyyətdə qalması radikal müxalifətin qarşılıqlı münasibət fonundakı bütün kartlarını açığa çıxarmış olur.

Sözün həqiqi mənasında, Ə.Kərimli və onin ətrafı Müsavatın sabiq başqanının siyasi arenadan çıxdaş olması istiqamətində və siyasi dividendləri baxımından səmərə güdürlər. Bu kimi iyrənc siyasət isə sağlam düşüncəli ictimai rəy tərəfindən söz yox ki, pislənilir.

Rövşən RƏSULOV