Mark Zukerberqlə şərik olsa idim, bilirsiniz nə edərdim?

28 Fevral 2018 13:02 (UTC+04:00)

Ya zəlzələdən, ya vəlvələdəndir deyə bilmərəm amma görünən odur ki, son vaxtlar Azərbaycan cəmiyyətində sosial şəbəkə istifadəçisi olan insanlar bir-birindən az qala üz çeviriblər. Hansı səhifəyə, hansı profilə girirsənsə bir-birini tənqid və təhqirlə, ittihamlarla rastlaşırsan. Araşdıranda, aydınlaşdıranda məlum olar ki, təhqir edən və ya təhqirə məruz qalan vaxtilə yaxın dost, hətta ailəvi münasibətləri olan şəxslər olublar. İndi onların arasından sanki qara pişik keçib. Sosial şəbəkədə paylaşdığı statusa rəy yazmadığı və ya «like» etmədiyi üçün dostlar arasında inciklik yaranıb. Bundan sonra salam-kalam aradan götürülür və get-gələ son qoyulur. Hətta toyuna gəlmədiyi üçün bəy tanışını facebookdakı dostluğundan çıxarır. Kompüter arxasında olduğu zaman uca səslə "hə indi get" deyib, rahat nəfəs də alır. Ailələrin dağılması, qətl hadisələri, terror əməlləri və digər faciələrin sosial şəbəkələr üzündən törədildiyini qeyd etsək, yaman yerdə axşamladığımızı deməmək olmur. Hətta əlavə etmək olar ki, bu sosial şəbəkə deyilən zəhrimar bir bəaldır ki, keçib boğazımıza, O gün metroda evə tələsən bir tanışımla rastlaşdım. Çox əsəbi, qəzəbli olduğu, sifətinin qızarıb-bozarmasından açıqca hiss olunurdu. Qısa söhbətdən sonra məlum oldu ki, iş yerindəki dostlarından biri ilə sözləri çəp gəlib. İndi də evə tələsir ki, kompüter arxasına keçib həmin incik qaldığı iş yoldaşını facebookdakı dostluğundan çıxarsın. Bu yerdə heç xoşlamadığım qarğışı dilə gitirmək məcburiyyətində qaldım. Səni lənətə gələsən Mark Zukerberq. Səni görüm elə yaratdığın facebook ocğında yanasan.

Açığı Mark Zukerberqi lənətləsəm də, dərinə gedib fikir-xəyal içində bu tapıntını aşkarlaya bildim. ABŞ kəşfiyyatının fəal zabitinin nə günahı var ki, tordu atıb kim düşər-düşər. Pul-para qazanmaq üçün bir oyundu qurub, çalış ki, oyunçusu olmayasan. Hərdən beynimdə düşünüb xəyal qururam ki, kaş 81 milyard dollar

varidatı olan Bill Qeytslə şərik olaydım. Ən pis halda facebookun yaradıcısı Mark Zukerberqlə iş ortağı olardım. Şərik olmaqla amacım heç də ondan pul-para qazanmaq olmazdı. Çünki o az ağılın sahibi deyil. Pulunun, malının qədrini bilən məxluqlardandır. Hələ 22 yaşı olanda facebook layihəsinə görə ona 2 milyard dollar təklif etmişdilər. Ancaq daha böyük pullar qazanmaq üçün təklifdən imtina etmişdir. Şəxsən mən olsa idim, 2 milyarddan imtina etməzdim, deyərdim ki, bəri verin. Dərhal qaçardım, özüm və uşaqlar üçün bağ, ev, maşın Türkiyədə obyektlər, Avropada evlər alıb, özüm üçün çay içə-içə nərd oynayıb, yaşayardım. Amma Mark oğlan risk edib, alınıbda. Bu gün artıq onun 25 milyard dollar varidatı var. Mark Zukerberqlə şərik olsaydım fərqli yol tutardım. Bilirsiz nə edərdim, dərhal Azərbaycandakı 154 min facebbok istifadəçisinin hamısına məktub göndərərdim. Yazardım ki, bir-birini blok edənlər, dostluqdan çıxaranlar ən azı 10 dollar cərimələnəcək. Dostluğa sədaqətli olanlar isə 20 dollar (hər nəfər üçün) mükafat alacaq. Söyüş söymək, təhqirə yol vermək qəti qadağandır. Düzdür, bu tələblərə əməl etmək çox çətindir. Çünki biz axı azərbaycanlıyıq. Bizim öz qaydalarımız, öz prinsiplərimiz var. Biz gərək başqalarından bir qədər fərqlənək. Kim olduğumuzu, hansı gücə və imkanlara malik olduğumuzu gərək ki nümayiş etdirək. Nə isə… deyirəm ki, bu kimi hikkə və iddia aradan qalxmayınca təbii ki, bir çox problemlərimiz kimi sosial şəbəkələrdə söz icəşməsi də davam edəcək.

İ.ƏLİYEV