Tərtərdə 384 ədəd güllə tapılıb

25 Fevral 2018 01:03 (UTC+04:00)

Fevralın 24-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonunun Seydimli kəndində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri ərazidə su kanalına baxış keçiriblər. Operativ əməliyyat axtarış tədbirləri nəticəsində ərazidən 384 ədəd 7,62 millimetrlik güllə (T-46 LPS) aşkar olunub. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkarlanmış güllələrin ətrafında 350 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb. Agentlik tərəfindən yanvarın 1–dən fevralın 24-dək, ümumilikdə, 1069 partlamamış hərbi sursat, bir tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 23 min 865 kvadratmetr ərazi yoxlanılıb.