"Spartak"ın vitse-prezidenti: “Bilirdik ki, bizi Bilbaoda yaxşı qarşılamayacaqlar”

24 Fevral 2018 10:48 (UTC+04:00)

"Spartak" klubunun vitse-prezidenti Nail İsmayılov Avropa Liqasının 1/16 final mərhələsində "Atletik"lə səfər oyunu öncəsi baş verən xoşagəlməz hadisələrə dair fikirlərini bölüşüb. SİA-nın məlumatına görə, 41 yaşlı funksioner təxribatla üzləşdiklərini bildirib: "Əvvəldən bilirdik ki, bizi Bilbaoda yaxşı qarşılamayacaqlar. İlk öncə mediada "Spartak" azarkeşləri haqqında uydurulmuş qəddarlıqlar ortaya çıxdı, sonra yerli radikal qrupların yürüşləri oldu və təhlükəsizlik tədbirləri nümayişkaranə formada gücləndirildi. Bilbaoda təxribatların olacağını təxmin edirdik. Əlbəttə, hücum edirlərsə, müdafiə olunmalısan. Baş verənləri diqqətlə araşdırmaq lazımdır. Moskvada Çempionlar Liqası və Avroliqa oyunlarının necə keçdiyinə də baxın. Bütün oyunlar qonaqpərvərlik, təhlükəsizlik və azarkeşlər üçün komfort şəraitdə baş tutub".

Qeyd edək ki, İspaniyada azarkeşlər arasındakı toqquşmada 1 polis əməkdaşı həyatını itirmişdi.