Xalça Muzeyində “Ana fəryadı” xovlu xalçası nümayiş olunub

23 Fevral 2018 16:56 (UTC+04:00)

Bu gün Azərbaycan Xalça Muzeyində Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə “Xocalı – Azərbaycanın qara tarixinin qanlı səhifəsi, Xocalı incəsənət əsərlərində” adlı tədbir keçirilib. Tədbirdən əvvəl muzeyin rəhbərliyi və kollektivi Xocalı prospektində yerləşən Xocalı soyqırımı abidəsini ziyarət edib, faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.

Tədbirdə muzeyin direktoru Şirin Məlikova söyləyib ki, ermənilər tərəfindən törədilən Xocalı soyqırımı XX əsrin Xatın, Xirosima və Naqasaki dəhşətli faciələri ilə bir sırada dayanır. Misli görünməmiş vəhşiliklə törədilən bu soyqırımı aktı yüzlərlə xocalılı dinc sakininin kütləvi məhvinə səbəb olub. Erməni işğalçıları nəinki bizim torpaqlarımızı işğal altında saxlayır, bizim milli-mədəni nümunələrimizi də mənimsəyib öz adlarına çıxaraq beynəlxalq arenada onları özlərininki kimi təqdim edirlər. Lakin ermənilərin bu məkrli siyasətinin qarşısı alınır.

“Bu sahədə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti, dövlətimizin davamlı siyasəti nəticəsində böyük işlər görülür, ölkəmizin zəngin mədəniyyəti geniş təbliğ olunur”, - deyə muzeyin direktoru qeyd edib.

Bu istiqamətdə Xalça Muzeyinin fəaliyyətindən də söz açan direktor muzeyin kolleksiyasında Qarabağda ermənilər tərəfindən talanıb xaricə aparılan, “erməni xalçası” adı ilə hərraca çıxarılan, uzun müddətdən sonra Vətənə qaytarılan “Bağçada güllər” Qarabağ xalçasının da sərgiləndiyini diqqətə çatdırıb.

Muzeyin Şuşa filialının müdiri Əlisəfa Nuriyev bildirib ki, onların hazırladığı anım tədbirinin keçirilməsində məqsəd xalqımızın başına gətirilən bu faciəni gələcək nəsillərin yaddaşına həkk etmək və onlara mübarizlik əzmini aşılamaqdır.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov və Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev öz çıxışlarında bir daha diqqətə çatdırıblar ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistanın silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının iştirakı ilə Xocalıda Azərbaycan xalqına qarşı tarixdə misli görünməmiş soyqırımı törədiblər. Xocalının işğalı zamanı bir gecədə 613 nəfər xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb və yüzlərlə günahsız insan kütləvi şəkildə məhv edilib, minlərlə əhalisi olan bütöv bir rayon yerlə-yeksan edilib.

Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Samir Sadıqov “Məhv edilmiş mədəni irs”, Rəssamlar İttifaqının şöbə müdiri Aydın Rəcəbov “Xocalı soyqırımı incəsənət əsərlərində” mövzularında məruzələrlə çıxış ediblər.

Muzeyin mətbuat katibi Zeynəb Kazımova müəllifi olduğu “Onun adı... Xocalıymış..” şerini oxuyub.

Sonra Aydın Rəcəbovun müəllifi olduğu və Xocalı Rayon İcra Hakimiyyətinin sifarişi ilə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin Bərdə şəhərində yerləşən Ağdam Xalça İstehsalat Vahidliyində Xocalıdan olan toxucular tərəfindən toxunulmuş faciəyə aid “Ana fəryadı” xovlu xalçası nümayiş olunub.

Tədbirin sonunda Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Simli Kvartetinin müşayiəti ilə Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar Artist Anar Şuşalı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yəhyayev vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.