MEK-də Xocalı sərgisi FOTOLAR

23 Fevral 2018 14:50 (UTC+04:00)

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərgi salonunda Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı sərgi açılıb. SİA-nın məlumatına görə, sərgidə Xocalı soyqırımı haqqında yazılmış kitablar nümayiş olunur. Müxtəlif dillərdə sərgilənən kitablarda Xocalı gerçəkləri, soyqırım həqiqətləri əks olunub. Sərgidə kitabxananın fondlarında olan “Xocalı XX əsrin soyqırımı”, “Azərbaycan faciələrinin təqvimi”, “Genosid”, “Xocalı soyqırımı şahidlərin dilindən”, “Ermənistanın Azərbaycana təcavüzü və dünya siyasəti”, “Azərbaycan türklərinin Ermənistandan deportasiyası”, “Terror haqqında həqiqətlər”, “Azərbaycan faciələrinin təqvimi”, “Qarabağ”, “Ermənilər və həqiqət”, “Карабахский геноцид: Обреченный Ходжалы" və digər kitablar, fotoşəkillər nümayiş olunur.

Sərgidə eyni zamanda Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Azərbaycan-Ermənistan münaqişəsinə 22 fevral 2018-ci il tarixinə olan məlumatı, həmçinin Xocalı faciəsi haqqında yerli və dünya mediasında əks olunan materiallar da əks olunub.

Sərgi mayın 31-dək davam edəcək.

Məlumat üçün bildirək ki, Xocalı soyqırımı haqqında Mərkəzi Elmi Kitabxananın fondlarında mövcud olan ədəbiyyat MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. Faciənin qurbanları barədə məlumatlar isə MRY bazası daxilində yaradılmış “20 yanvar”, Aprel döyüşü şəhidləri, Azərbaycanın milli qəhrəmanları və digər mühüm hadisələrə aid statistikaların əks olunduğu “Siyahılar” kateqoriyasında yerləşdirilib. Bu məlumatlar paralel olaraq Vikipediyada da yerləşdirilib.

Xatırladaq ki, MEK-in Milli Rəqəmsal Yaddaş layihəsinin məqsədi Azərbaycanın qədim mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçılarının istifadəsinə verməkdir.