Kim Kardaşyanla Sarkisyanı axtarıram, tapsam...

22 Fevral 2018 18:19 (UTC+04:00)

Yəqin ki, çoxlarımız vatsapın, feysbukun, odnaklasnikin və instaqramın olmadığı dövrdə Seyid Əzim Şirvaninin "Molla və çoban" mənzum hekayəsini oxumuşuq. Hekayədə diqqət çəkən məqam molla ilə hərdəmxəyal çoban arasında gedən dialoqdur. Deməli, bir məqamda mollaya acıqlı olan çoban:

- Dəli şeytan deyir ki, bir dəyənək, mollanın başına zola zirək - deyir.

Molla:

- Bu iş xətalıdır, həmişə şeytanın sözünə baxmayasan gərək.

Dediyim kimi, bir qədər hərdəmxəyal xarakterə malik olan çoban bu dəfə fikrini dəyişib deyir:

- Dəli şeytan deyir ki, göstər oyun, sürüdən ayıraraq əlli qoyun, ver mollaya aparsın.

Təbii ki, bizim indiki bozbaş mollalardan olan S.Ə.Şirvaninin qəhrəmanı olan molla çobanın bu eyhalından ağzı sulanıb:

- Hərdən-birdən şeytanın sözünə baxasan gərək,-deyib.

Molla ilə çobanın arasında söz duel xoş sonluqla bitsə də, bir faktı demək yerinə düşərdi ki, həqiqətən də, cəmiyyətimizdə müxtəlif xarakterli insanlar olduğu kimi, hərdəmxəyal insanlar da var. Elə uzağa getməyək, biri mən özüm. Dəfələrlə fikrimdə, xəyalımda Azərbaycanı heç sevməyən xarici ünsürləri asıb-kəsmişəm. O gün də Azərbaycan saytlarında amerikalı erməni əsilli Kim Kardaşyanın müxtəlif pozalarda şəkillərini gördükdən sonra, bərk əsəbləşdim. Xəyala dalıb, öz-özümə fikirləşdim ki, kaş, cibimdə pulum-param olaydı, təyyarəyə minib uçaydım birbaşa Vaşinqtona. Küçəbəküçə, evbəev gəzəydim, kafelərə, restoranlara baş vurub, K.Kardaşyanı axtaraydım. Azərbaycan saytlarının ulduzuna çevrilən erməni haxçığını tapan kimi, cibimdəki pul-paradan ona göstərib, bir masaya dəvət edəydim. Təbii ki, pula həris olan bu model müftə yeyib-içməkdən imtina etməyib, dəvətimi qəbul edəcək. Mən də ki, dişimin dibindən çıxanı, beynimdə və

düşüncəmdə yığıb hazır saxladığım hər cür təhqiramiz ifadələri onun sifətinə deyəydim. Sonra da bu üzü üzlər görmüş bu məxluqun sinəsinə bir yüz dollar əskinaə atıb arxamca baxma, baxma" deyib üz tutaydım Sarkisyanın səfər etdiyi hansısa ölkəyə. Açıq etiraf etmək lazımdır ki, Sarkisyanla birbaşa ünsiyyət qurmaq, onunla masa arxasında oturmaq çətin məsələdir. Heç mən də istəmərəm, ancaq hansısa tədbirdə yaxın məsafədən onu gördükdən sonra içimdə qaynayıb-daşan Xocalı şəhidlərinin, Laçın, Şuşa, Ağdam faciələrinin, ümumilikdə, işğal nəticəsində qətlə yetirilən, ev-eşiyindən didərgin düşən insanların qisasını almaq üçün xəyalımda onu milyon dəfə asıb-kəsər, öldürüb-dirildib, yenə asaydım. Onun üzünə baxa-baxa, təbii ki, bunu etməyi bacarardım. "Tfu, sənin sifətinə" deyib, yenə etik qaydaları pozmaq hesabına da olsa, bir loxma tüpürüb, tədbir salonunu tərk edərdim. Söz yox ki, istər Kardaşyanın, istərsə də Sarkisyanın yanına getmək mənim maddi imkanım xaricindədir. Ən azı, ona görə ki, müsəlmanın sözü olmasın, burdan-bura, öz kəndimə gedə bilmirəm, o ki qala, ABŞ-a və ya Almaniyaya, Fransaya gedəm. Ancaq ümidim var, çünki səbəbsiz yerə deyilməyib ki, ümid yalnız sonda ölür.

İ.ƏLİYEV