İsmayıllıda Xocalıdan olan məcburi köçkünlərlə görüş keçirilib

22 Fevral 2018 13:37 (UTC+04:00)

Xocalı soyqırımından 26 il keçir. Erməni qəsbkarlarının törətdikləri bu qanlı faciə bir şəhərin yerlə-yeksan edilməsi, əhalisinin soyqırımına məruz qalması ilə nəticələnib. O vaxt uşaqların, qadınların, ahıl insanların da olduğu 613 nəfər dinc, əliyalın sakin xüsusi amansızlıqla qətlə yetirilib. Təpədən dırnağadək silahlanan qatillərin əlindən xilas olanlar ölkəmizin ayrı-ayrı bölgələrinə pənah gətiriblər. Onlardan 18 ailəni təmsil edən 54 nəfər bu gün İsmayıllı rayonunda məskunlaşıb. Bu barədə İsmayıllı Rayon İcra Hakimiyyətində təşkil olunan xocalılarla görüşdə danışılıb.

Hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin iştirak etdikləri görüşü icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda soyqırımının ağır nəticələrindən bəhs olunub, ölkəmizdə Xocalı sakinlərinə göstərilən diqqət və qayğıdan söz açılıb.

Xocalı sakinləri yaşadıqları əzablı günlərin acı xatirələrini görüş iştirakçıları ilə paylaşıblar.

Görüşdə, habelə xocalıların qayğıları, təklif və istəkləri dinlənilib, müvafiq qurumlara konkret tapşırıqlar verilib. Üç nəfər gəncin işlə təminatı məsələsi həll edilib. Xocalıdan olan məcburi köçkün ailələrinə rayon icra hakimiyyəti tərəfindən maddi yardım göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır