Salyanda seçkilərlə bağlı kurslar keçirilib

21 Fevral 2018 16:07 (UTC+04:00)

Fevralın 21-də 59 saylı Salyan seçki dairəsi dairə seçki komissiyasında (DSK) aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçirilən seçki hüquqları üzrə üçgünlük ixtisaslaşdırılmış kurslar başa çatıb. Kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil olunub.

Üçgünlük təlim məşğələlərində seçkilərə hazırlıqla bağlı müxtəlif prosedurlar müzakirə edilib.

İxtisaslaşdırılmış kursların üçüncü günü 59 saylı Salyan seçki dairəsinin inzibati binasında dairə seçki komissiyasının üzvləri və dairə seçki komissiyasının əhatə etdiyi 40 seçki məntəqəsinin sədrlərinin iştirak etdiyi yekun məşğələsində çıxış edən rayon prokuroru Firdovsi Nemətli “Seçki subyektləri, seçkidə iştirak hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” barədə ətraflı məlumat verib.

Yekun məşğələdə, həmçinin 59 saylı seçki dairəsi dairə seçki komissiyasının sədri Səlamət Kərimov “Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi. Bu istiqamətdə MSK-nın fəaliyyətinin təşkili və vəzifələri” mövzusunda çıxış edib.

Disskusiya şəklində davam edən təlim məşğələsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İxtisaslaşdırılmış kursların üçüncü günü 58 saylı Hacıqabul-Kürdəmir, 60 saylı Salyan-Neftçala, 61 saylı Neftçala, 62 saylı Saatlı, 63 saylı Sabirabad I, 64 saylı Sabirabad II, 65 saylı Saatlı, Sabirabad, Kürdəmir, 66 saylı Biləsuvar, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi dairə seçki komissiyalarında da yekun məşğələlər keçirilib.