Gəncədə YAP-ın imzatoplama kampaniyası uğurla başa çatıb

21 Fevral 2018 12:41 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasını uğurla başa vurub.

Qeyd edək ki, respublikamızın hər yerində olduğu kimi, Gəncə şəhərində də 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə aparılıb. YAP Gəncə şəhər təşkilatında 25 nəfər partiya fəalından ibarət qərargah üzvləri seçilib. İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına başlanılıb.

19 fevral tarixindən etibarən YAP Gəncə şəhər təşkilatının seçki qərargahının imzatoplayan fəalları qısa müddət ərzində 4 Seçki Dairəsinin 107 məntəqəsi üzrə nəzərdə tutulan imzaları toplanaraq, maksimum imza toplamaq öhdəliyini uğurla yerinə yetiriblər.

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib ki, bütün seçkilərdə mütəşəkkillik, qətiyyət nümayiş etdirən gəncəlilər imzatoplama kampaniyasında böyük coşqu ilə iştirak ediblər.

Naqif Həmzəyev vurğulayıb ki, Gəncə şəhərində yüksək mütəşəkkillik şəraitində keçən imzatoplama kampaniyası uğurla başa çatdırılıb.