Ramil Usubov Səudiyyə Ərəbistanında səfərdə olub

20 Fevral 2018 20:22 (UTC+04:00)

Daxili işlər naziri Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri Əbdüləziz bin Səud bin Naif bin Əbdüləzizin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti ilə krallığın daxili işlər naziri arasında görüş keçirilib. Krallığının daxili işlər naziri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb. R. Usubov isə səfərin nazirliklərarası əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Görüşdə dövlətlərarası müqavilə-hüquqi bazasının təkmilləşdirilməsi çərçivəsində iki ölkənin Daxili İşlər nazirlikləri arasında işbirliyinin, cinayətkarlıqla mübarizədə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan hökumətlərarası protokol imzalanıb.