Hərbi ekspert: “Zakir Həsənov bir daha öz qəti mövqeyini səsləndirdi” MÖVQE

20 Fevral 2018 15:36 (UTC+04:00)

“Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Avropa İttifaqının nümayəndəsi ilə görüşündə “müharibə hər an başlaya bilər” xəbərdarlığını Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyev də dəfələrlə nitqlərində səsləndirib. Əgər BMT-nin məlum 4 qətnaməsi qəbul olunmazsa, beynəlxalq hüquq normaları çərçivəsində Ermənistan işğal olunmuş torpaqları sülh yolu ilə azad etməsə rəsmi Bakı bütün vasitələrdən istifadə edərək, o cümlədən müharibə yolu ilə öz torpaqlarını işğaldan azad edəcək”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ehtiyatda olan polkovnikin sözlərinə görə, prinsip etibarilə ATƏT-in Minsk qrupu həmsədrlərinin də fəaliyyətində gözəçarpacaq heç bir irəliləyiş yoxdur və onların işləri gülünc vəziyyət alıb: “Həmsədrlərin səfərləri ancaq turistik səfərlərə hesablanıb. Minsk qrupunun konkret olaraq heç bir təklifi yoxdur. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Avropa İttifaqının nümayəndəsi ilə görüşündə “müharibə hər an başlaya bilər” fikrini də Ermənistan ordusunun beynəlxalq hüquq normalarına zidd hərəkəti haqqında söylədi. Əgər vəziyyət yenə bu formada davam etsə Azərbaycan tərəfi hərb yolu ilə öz torpaqlarını işğaldan azad etməyə başlayacaq.

Bu gün Ermənistanda seçkiqabağı vəziyyət, artan gərginlik, cəmiyyətdə olan narazılıqlar rəsmi İrəvanın hansı vəziyyətdə olduğunu göstərir. Ona görə də işğalçı ölkə mütəmadi olaraq Dağlıq Qarabağda gərginlik yaratmağa, təxribat törətməyə çalışır. Biz onların bu təxribatından istifadə edib elə zərbə vurmalıyıq ki, artıq o zərbə Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasına çevrilsin. Buna Azərbaycan hər an hazırdır. Bu haqda da Azərbaycan müdafiə naziri Zakir Həsənov bir daha öz qəti mövqeyini səsləndirdi”.