“İmzam var imzalar içində”

20 Fevral 2018 11:42 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının bütün rayon və şəhər təşkilatlarında aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş YAP Sədri, Prezident İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyası davam edir. Bu kampaniya Nərimanov rayonunda da çox mütəşəkkil keçirilir. Bu barədə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Nəcəf Novruzov məlumat verib.

N.Novruzov qeyd edib: “Bəli, mən də minlərlə şəxslərdən biri kimi imzatoplama kampaniyasında iştirak edərək məmnuniyyətlə, həm də böyük bir fərəhlə Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş YAP Sədri, Prezident İlham Əliyevin namizədliyinin müdafiəsi üçün öz imzamı atdım. Onu da vurğulayım ki, Nərimanov rayonundakı seçki dairələri üzrə yaşayan sakinlərin imzalarını toplayan fəallar Seçki Məcəlləsinin və Qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir şəxslə fərdi qaydada görüşür, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd edirlər”.

Həmsöhbətimiz fikrini bu sözlərlə davam etdirdi: “Bildiyiniz kimi, Nərimanov rayonu Bakının fərqlənən rayonlarındandır. Bu nöqteyi-nəzərdən bu rayon ictimai-siyasi fəallığı ilə daim diqqəti cəlb edib. Nərimanov rayonu üzrə seçkilərdə fəal iştirak edən seçicilər hər zaman Azərbaycan hakimiyyətinin siyasi kursunu dəstəkləyiblər. Ümidvaram ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində Nərimanov rayonunun seçiciləri mütəşəkkil iştirak edəcək və ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən cənab İlham Əliyevə səs verəcəklər”.

Nəcəf Novruzov, həmçinin təəssüflə qeyd edib ki, xalq arasında heç bir dayağı olmayan dağıdıcı qüvvələr öz ağalarının havasına oynamaqda davam edir və məkrli siyasətlərindən əl çəkmirlər: “Hələ bütün bunlar azmış kimi onlar dünyanın aparıcı KİV-lərinin çoxunda Azərbaycan həqiqətlərinin etiraf olunduğu və ölkəmizin sürətlə tərəqqi etməsinin təqdir edildiyi bir zamanda heç bir əsas olmadan seçkiləri boykot çağırışları səsləndirirlər. Bu yolla da ölkəmizin əleyhinə kampaniya aparanlara qulluq edirlər. Amma onlar unudurlar ki, siyasi partiyalar ilk növbədə seçkilərdə fəal olmalı və məhz bu yolla nəyə qadir olduqlarını ortaya qoymalıdırlar. Görünür, respublikamızda demokratik prinsiplərin, sabitliyin bərqərar olması, aparılan köklü islahatlar, seçkidən-seçkiyə seçicilərin fəallığının artması onların ürəyincə deyil. İnanıram ki, onların bu qara niyyətləri yenə ürəklərində qalacaq. Yaxşı olardı ki, onlar birdəfəlik başa düşsünlər ki, artıq Azərbaycanın demokratik inkişafını heç bir qüvvə əngəlləyə bilməz. Xalq kimin kim olduğunu yaxşı bilir.

Daha mühüm bir məsələyə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunmaq istərdim. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət nəticəsində ölkəmiz öz həqiqətlərini dünyaya çatdıra bilib, Ermənistanın havadarlarının niyyətlərini iflasa uğradıb. Xalqımız inanır ki, Prezident İlham Əliyevin belə uzaqgörən, qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq”.