“Nazirin xəbərdarlığı Aİ-yə və beynəlxalq təşkilatlara bir mesajdır" ŞƏRH

20 Fevral 2018 11:39 (UTC+04:00)

“Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Avropa İttifaqının nümayəndəsi ilə görüşündə “müharibə hər an başlaya bilər” fikri əslində Azərbaycanın Avropa İttifaqına və digər beynəlxalq təşkilatlara bir mesajıdır”. Bunu SİA-ya açıqlamasında “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov deyib.

“Cəbhədə baş verən prosesləri analiz edərək onu deyə bilərəm ki, son aylarda qoşunların təmas xəttində atəşkəsin pozulma halları artıb. Cəbhədə təxribatlara cəhd edən Ermənistan tərəfi canlı qüvvə və hərbi texnika baxımından itkilərə məruz qalıb. Erməni siyasilərin bəyanatları və son günlərdə Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərində təlimlər keçirməsi də bu proseslərə əlavə olunarsa bu tendensiyanın qarşıdakı aylarda yüksələn dinamika üzrə davam edəcəyini proqnozlaşdırmaq olar”-deyə, R.Süleymanov bildirib.

Baş redaktor deyib ki, beynəlxalq təşkilatların fəaliyyətsizliyi və ermənilərin mövqeyini dəstəkləyən fəaliyyətləri də qarşı tərəfin ayağının altına bir növ “daş qoymuş” olur: “Müdafiə naziri bu məhz proseslərin gedişatı fonunda Avropa İttifaqnın nümayəndələrinə “tutduğunu buraxmayan koru” başa salmaq üçün sonuncu metoddan yəni müharibədən istifadə ediləcəyini ifadə etdi. Diqqət edilərsə, görüşdə nazirin beynəlxalq qurumları Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının araşdırılması ilə deyil, onu yaradan səbəblərin köklü surətdə aradan qaldırılması ilə məşğul olmağa çağırdığı əksini tapıb. Bu da onu göstərir ki, münaqişənin həllini üzərinə götürmüş beynəlxalq təşkilatların fəaliyyətsizliyi uzun illərdir yerindən tərpənməyən münaqişənin həlli istiqamətində ordunu hərəkətə keçəyə vadar edir.

Qarabağda baş verəcək növbəti hərbi əməliyyatların Ermənistana hansı ağır nəticələrə başa gələcəyini proqnozlaşdırmaq elə də çətin deyil. 2016-cı ildə bir neçə gün davam etmiş aprel döyüşlərinin Ermənistana necə ağır zərbə vurduğunu düşmən özü də bəyan edir. Növbəti zərbələrin isə apreldəkindən daha ağır olacağı, Azərbaycan ordusunun qarşısına qoyulan tapşırıqların isə daha geniş olacağı istisna deyil. Aprel döyüşləri göstərdi ki, Ermənistan öz himayəçilərinin silah yardımları və dəstəyi olsa belə bir neçə gündən artıq döyüş aparmaq imkanına malik deyil. Qüvvə və vasitələr nisbətində Azərbaycandan dəfələrlə geri qalmaqla yanaşı, erməni ordusu mənəvi-psixoloji deqredasiyaya uğramış kütlədən fərqlənmir”.