Azərbaycan səfiri Ukrayna portalına müsahibəsində Ermənistanın işğalçılıq siyasətindən danışıb

20 Fevral 2018 11:24 (UTC+04:00)

Ermənistanın paytaxtı İrəvan şəhəri Azərbaycanın tarixi ərazisidir və Prezident İlham Əliyev bu həqiqəti bir daha bəyan edib.

SİA xəbər verir ki, bu fikri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Ukraynanın “Front News International” portalına müsahibəsində Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında səsləndirdiyi fikirlərə dair jurnalistin sualını cavablandırarkən söyləyib.

Səfir qeyd edib ki, İrəvan Azərbaycanın qərb hissəsidir. 1920-ci ildə bolşeviklər hakimiyyətə gəldikdən sonra Azərbaycanın qərb hissəsi itirildi. “Uzun müddət keçməsinə baxmayaraq, bizim torpaqlara qarşı təcavüz və işğalçılıq siyasəti davam edir. Biz qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalmışıq. Azərbaycan 25 ildən artıqdır ki, separatizmə qarşı mübarizə aparır”, - deyə səfir müsahibəsində vurğulayıb. O bildirib ki, dünya birliyi separatizmə qarşı qəti addımlar atmalıdır.

AZƏRTAC