Qara Qarayevin 100 illiyi Nijni Novqorodda konsert proqramı ilə qey edildi

20 Fevral 2018 11:01 (UTC+04:00)

Rusiya Federasiyası Nijeqorod vilayətinin Nijni Novqorod şəhərində dahi Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti, Sosialist əməyi qəhrəmanı və Lenin Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

SİA-nın məlumatına gör, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Nijeqorod Vilayəti Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.Rostropoviç adına Nijni Novqorod Akademik Dövlət Filarmoniyasında keçirilən tədbirdə tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Olqa Domninanın ifasında bəstəkarın əsərləri səsləndirilib.

Konsertdən əvvəl jurnalistlərin suallarını cavablandıran Olqa Domnina bildirib ki, proqram Q.Qarayevin 100 illik yubileyi çərçivəsində ifaçının “Yeddi gözəl – yeddi şəhərdə” layihəsi əsasında təşkil edilib. Qarayev yaradıcılığına sonsuz sevgisini diqqətə çatdıran fortepiano ifaçısı bəstəkarı Şərqin böyük oğlu adlandırıb. Qeyd edib ki, bəstəkarın əsərləri ona görə ifaçılar tərəfindən böyük sevgi ilə qarşılanır ki, bu musiqilərdə Şərqlə Qərbin qəribə bir vəhdəti hiss olunur: “Bu əsərlərdə Şostakoviç məktəbinin izləri və Şərq mədəniyyətinin çalarları bir arada böyük möhtəşəmlik yaradır. Hər bir əsərdə bəstəkarın dəsti-xətti, fərqli düşüncəsini duya bilirik”.

Nijni Novqorod Azərbaycanlıları Cəmiyyəti və Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixdə Qara Qarayevin 100 illik yubileyi haqqında sərəncamı imzaladığını bildirib. Vurğulayıb ki, dahi bəstəkarın yubileyi təkcə Azərbaycanda deyil, dünyanın azərbaycanlılar yaşadığı müxtəlif ölkə və şəhərlərində də qeyd olunur. 2018-ci il TÜRKSOY təşkilatı tərəfindən “Qara Qarayev ili” elan edilib. Bəstəkarın 100 illiyi həmçinin UNESCO-nun yubileylər proqramına daxil edilib.

Nijni Novqorod vilayətində Azərbaycan mədəniyyətinin təbliğ olunduğunu deyən V.Abbasov Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baletinin şəhərdəki Opera və Balet Teatrının repertuarında olduğunu da diqqətə çatdırıb. “Azərbaycan Qara Qarayev kimi tanınmış sənətkarları ilə fəxr edir. Bu gün Qarayevin əsərləri dünyanın ən mötəbər səhnələrində səslənir, baletləri tamaşaya qoyulur”, - deyə o bildirib.

1100 nəfərlik zalda anşlaqla keçən yubiley gecəsində aparıcı Azərbaycanın görkəmli bəstəkarının yaradıcılığı, kamera əsərləri, simfonik əsərləri, baletlərindən danışaraq Qara Qarayevin Dmirti Şostakoviç, Georgi Sviridovla yaradıcılıq əlaqələrinin tarixi haqqında məlumat verib. Bildirilib ki, Şostakoviç sevimli və istedadlı tələbəsi Qarayevi böyük istedad sahibi kimi dəyərləndirib.

Daha sonra Olqa Domnina səhnəyə çıxaraq Qara Qarayevin “Yeddi gözəl” baletindən parçalar, bəstəkarın “24 prelüd”dən 4-cü dəftər, həmçinin Dmitri Şostakoviçin seçilmiş prelüdlərindən 34-cü əsər, Fərəc Qarayevin “Fortepiano üçün 2-ci sonata”sını ifa edib. Konsert proqramı sürəkli alqışlarla qarşılanıb.